Deputat Sevil Mikaylovanın SİA-ya verdiyi müsahibəsini təqdim edirik:
- Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayının bizim və dünya üçün əhəmiyyəti nədən ibarətdir?
- Dünya Azərbaycanlılarının V Qurultayı çox rəmzi məna daşıyır. Bu qürurverici bir hadisədir. Çünki ilk dəfə olaraq müstəqilliyimizi bərpa etdikdən sonra dünya azərbaycanlıları Şuşa torpağına, Qarabağ elinə ayaq basdılar və ilk dəfə olaraq orada toplaşaraq öz birliklərini, Azərbaycan səsini məhz Şuşadan dünyaya yüksəltdilər. 30 il bizim üçün uzun bir zaman olamasa da bu bizə bir qərinə kimi gəldi. Qurultaya gələnlər isə buraya xüsusi emosiya ilə yollanıblar.
- Cənab Prezidentin dünən Şuşaya səfəri olub. Səfərin məqsəd və məramı nədən ibarətdir? Bu bir növ dünyaya mesaj sayıla bilər?
- Torpaqlarımızı işğaldan azad etdikdən və Şuşaya öz bayrağımızı sancdıqdan sonra Azərbaycan dövləti apardığı bərpa quruculuq işləri ilə bütün dünyaya sərgilədi ki, bu torpaqlar bizim üçün nə qədər əziz və doğmadır. Azərbaycan xalqı bu torpaqları canı-qanı ilə qazandı. Onun heç kim BMT-nin 4 məlum qətnaməsinin diplomatik və siyasi danışıqlar yolu ilə həllinə nail ola bilmədi. Yalnız cənab Prezident çox düzgün bir qərar verdi. Bütün dünyada, ümumilikdə geosiyasi aləmdə güc amilinin önə çıxmasının dəfələrlə şahidi olduqdan sonra anladıq ki, siyasi danışıqlar öz nəticəsini verməyəcək və məsələnin hərbi yolla həlli qaçılmazdır.
Cənab Prezidentin bu torpaqlara belə diqqət ayırması, buranın dirçəldilməsi və yenidən burada Azərbaycan səsi eşidilməsi üçün gördüyü tədbirlər təqdirəlayiqdir. Eyni zamanda bütün dünyaya sərgilənir ki, biz bu torpaqların əbədi sakini və sahibiyik.
- Ermənilər hər il 24 aprel tarixində özlərinin qondarma soyqırımına hazırlaşır. Erməni xislətinə nə zaman son veriləcək? Biz bunun mütəmadi şahidi olacağıq, yoxsa müəyyən tədbirlər görülməlidir?
- Bu məsələni tam şəkildə anlamaq üçün onun mütləq şəkildə ideologiyasına baxmaq, kökünə və motivlərinə diqqət yetirmək lazımdır. Ümumilikdə bu türkəfob qüvvələrin ortaya atdığı siyasi oyundur. Əslində "erməni genosidi" deyilən tarixi fakt yoxdur. Sadəcə olaraq illər uzunu Osmanlı İmperiyasının gücü, qüdrəti hər zaman digər dövlətlər üçün qorxu olub. Bundan qorunmaq üçün də onlar müxtəlif yollara əl atıblar. Onlar zaman-zaman Türkiyə torpağına qarşı ərazi iddiaları irəli sürüblər. Onlar bunu anlayırdılar ki, arxada böyük faciələr dayanıb.
- Bu gün Azərbaycan diasporasının fəaliyyətini qənaətbəxş hesab etmək olarmı?
- İlk növbədə söyləmək istəyirəm ki, biz Azərbaycan xalqını kiçiltməməliyik. Biz dünyaya səpələnmiş 50 milyondan çox olan bir xalqıq. Diaspora məsələsinə gəlincə isə bəli, Azərbaycan diasporası nisbətən gəncdir. Onlar tarix baxımından Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra yaranıb. Bu istiqamətdə Ulu Öndər Heydər Əliyevin gördüyü işləri də qeyd etmək lazımdır.
- Ulu Öndərdən bəhs etmişkən, 1978-ci il Azərbaycan dilinin təsbit olunmasından danışaq. Bu gün Azərbayacan dili öz qədim ənənəliyini qoruyub saxlaya bilir, yoxsa hələ də problemlər mövcuddur?
- Düşünürəm ki, dil məsələsi biraz həssasdır. Mən ilk növbədə 1978-ci ildə Ulu Öndərin tərəfindən Sovet dönəmində çox cəsarətli bir qərarın qəbul edilməsi məsələsinə diqqət yetirmək istəyirəm. Azərbaycan dili türk dilləri ailəsinə daxildir. Biz onu əsrlər boyu qoruyub saxlaya bilmişik. Əgər bu gün dünyada yaşayan 50 milyon azərbaycanlı Azərbaycan dilini bilirsə və bu dildə danışırsa düşünürəm ki, biz tarixən babalarımızın bizə qoyduğu missiyanı yerinə yetirə bilmişik.
Zaman-zaman bizə qarşı olan təzyiqlər siyasi dəyişikliklər fonunda baş verib. Dilin tərkibini dəyişib. Amma dil özü-özünü təmizləyən canlı orqanizmdir. Ərslərdən boyu keçdikcə o özü öz sturukturunu təkmilləşdirir. Bu gün Azərbaycan dilinin saflığının qorunması Azərbaycan dövlətinin prioritet istiqaməti kimi nəzərdən keçirilir.
-Qırğızıstan və Azərbaycan görüşlərinin üstünlüyü nədir? Bu səfərin önəmi nədən ibarətdir?
- Ümumilikdə Azərbaycan bu gün Cənubi Qafqazın aparıcı dövləti kimi çıxış edir. Bizim strateji müttəfiqlik barədə bir sıra dövlətlərlə sənədlərimiz imzalanıb. Bu çox təqdirəlayiqdir. Azərbaycan bu gün regional lider olaraq bir sıra dövlətlərdə də çox fəal şəkildə liderlik fəaliyyətini davam etdirir. Azərbaycan gündəm yaradan dövlət kimi çıxış edir. Az əvvəl Qoşulmama hərəkatında Azərbaycan prezidentinin uğurlu fəaliyyəti təşkilat tərəfindən dəyərləndirildi. Qoşulmama hərəkatı ümumilikdə kiçik təşkilat deyil. Onun 120 üzvü var. BMT-dən sonra ikinci bir təsisatın Azərbaycana önəm verməsi isə çox qürurvericidir.
Eyni zamanda biz BMT- də qəbul olunmuş qərarların Azərbaycan Prezidentinin təşəbbüsü ilə irəli sürüldüyünü söyləyə bilərik. Bu gün türkdilli ölkələr təşkilatının güclənməsinə ehtiyac var. Bu zamanın tələbidir. Türk xalqlarının bir araya gəlməsi və onların laiq olduqları şəkildə əməkdaşlıqlarına şərait yaradılması tarixi fürsət olacaq. Biz bütün türk xalqlarının bu platformada birləşdirilməsini dəstəkləməliyik”.
Ayşən Vəli