Rusiya tərəfi ABŞ və Fransadan ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini bərpa etməyə hazır olduğu barədə siqnal almayıb. SİA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova medianın sualını cavablandırarkən bildirib.
“Bizə belə siqnallar daxil olmayıb. Əslinə qalanda biz Fransa və ABŞ-dan belə addımı heç gözləmirik”, - Zaxarova bildirib. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Vaşinqton və Paris üç həmsədrin vaxtilə yaxşı əlaqələndirilmiş işini faktiki olaraq iflic etdikdən sonra Bakı və İrəvan arasında münasibətlərin normallaşdırılması mövzusu ətrafında ABŞ və Aİ-nin fəallığı nəzərəçarpacaq dərəcədə artıb. ATƏT-in Minsk qrupu Rusiyanın iştirakı ilə əməkdaşlıqdan imtina edir: “Bunlar da təsadüfi deyil. O cümlədən Brüssel Rusiya-Azərbaycan-Ermənistan arasında bağlanmış müqavilələri, bəyanatları ən yüksək səviyyədə mənimsəmək üçün həyasız cəhdlər edir".
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının ardıcıl icrasına Rusiya tərəfinin qeyd-şərtsiz sadiqliyini təsdiqləyib: “Eyni zamanda, biz tarixən dostluq, müttəfiqlik və tərəfdaşlıq əlaqələri ilə bağlı olduğumuz Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına hər cür töhfə vermək əzmindəyik”.