Artıq dünya parlamentlərində erməni "soyqırımı" ölü məsələyə çevrilib - SİYASİ EKSPERT DANIŞDI

21 Aprel 2022 17:01 (UTC+04:00)

“Son 150 ildə ermənilərin həm dünya miqyasında, həm Ermənistan cəmiyyətinin uğur qazandığı, həm də rüsvayçılıqla uğursuzluğa düçar olduğu məsələ məhz ermənilərin erməni genosidi ilə bağlıdır. Ona görə həm uğur, həm də uğursuzluq deyirəm ki, dünya erməni lobbisi və erməni diasporu 1915-ci ildə Türkiyədə baş vermiş müharibənin bəzi çalarlarını guya ermənilərin genosidi kimi gündəmə gətirə bildi”. Bu sözləri SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin Baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib.

Onun sözlərinə görə, hətta bunun bir sıra ölkələrin parlamentləri tərəfindən tanınmasına nail oldu. Bir çox ölkələrdə bununla bağlı qanun qəbul edilib. Hətta genosidin inkar olunmasına görə cəza nəzərdə tutan qanunlar mövcuddur. Bir sözlə, 1915-ci ildə iddia edilən həmin hadisələrin genosid kimi tanıdılması müəyyən bir dövr uğur qazanılan məsələ oldu. Ancaq təxminən 1988-1990-cı illərdə Ermənistanın Azərbaycana qarşı təcavüzünün açıq forma alması, həm də onunla nəticələndi ki, dünya erməni diasporunun və erməni lobbisinin heyətləri yavaş-yavaş açılmağa başladı. Eləcə də ermənilər genosidi dünyada bir fakt kimi qəbul etdirmək siyasətinə başladı.

Vətən müharibəsində Azərbaycanın əldə etdiyi total qələbə dünya erməniçiliyinin bütün istiqamətlərdə, o cümlədən bu genosid kimi iflasa uğramasının əsasını qoydu. Vətən müharibəsində Azərbaycanın apardığı total müharibənin həm hərbi, həm siyasi, həm də informasiya müstəvəsində onları məğlub etməsi, ermənilərin əvvəlki iddialarının da məhv olması ilə nəticələndi. Dünya gördü ki, ermənilər bir çox sahələrdə olduğu kimi, məhz genosid məsələsində də düzgün deyildilər. Vətən müharibəsindən sonra elmi araşdırma, siyasi mərkəzlər, 2015-ci il hadisələrinin araşdırılması üçün Türkiyədə və Ermənistanda arxivlərin açılması məsələsinə daha ciddi yanaşmağa başladılar. 2002-2003-cü ildə Türkiyə rəhbərliyi bu məsələni gündəmə gətirdikdə, dünya mərkəzləri buna o qədər də həvəslə yanaşmamışdılar. Ancaq Vətən müharibəsində Azərbaycanın hərtərəfli və tutarlı qələbəsindən sonra dünyada hər kəs Ermənistanın genosid məsələsində də dünya miqyaslı yalan uydura biləcəyinin fərqinə vardı və bu məsələyə dair ciddi yanaşmağa başladılar.

Son bir neçə ildə dünyada erməni genosidinin olduğunu qəbul edən və tanıyan bir dənə belə olsun parlament qərarı yoxdur. Artıq dünya parlamentlərində bu proses irəliləmir, ölü bir məsələyə çevrilib. Heç gələcəkdə də dünyanın hər hansı bir parlamentinin erməni genosidini tanıması məsələsi görünmür. Amma bunun əvəzində Xocalı genosidinin tanınması dinamik prosedura çevrilib. Zəif də olsa dünya parlamentlərinin bu hadisəni genosid kimi tanıması faktları artmaqda davam edir".