Dəfn edilən “Minsk qrupu” və Ermənistanın siyasi nekroloqu SİYASİ RAKURS

21 Aprel 2022 16:22 (UTC+04:00)

Proseslər öz ardıcıllığı ilə nələri proqnozlaşdırır?

ATƏT-in Minsk qrupunun tarixin arxivinə yollanması prosesi demək olar ki, başa çatdı. Uzun illər, lap dəqiq desək, 28 il boyunca Qarabağ münaqişəsinin guya (!) sülh yolu ilə həlli istiqamətində Azərbaycanla Ermənistan, eləcə də aradabir Qarabağ arasında yol ölçən üçlük formatın turist həmsədrləri nəticə etibarı ilə üzərlərinə düşən missiyanın öhdəsindən gələ bilmədilər və Bakı iki il əvvəl, sentyabrın 27-də Ermənistanın bütün cəbhə boyunca başlatdığı geniş miqyaslı hücumlarına qarşı əks-həmlələr endirməklə 44 gün ərzində bir nömrəli problemini həll etdi. Məhz bundan sonra, yəni 2020-ci ilin 10 noyabr tarixində üçtərəfli bəyanatın imzalanmasının ardınca Ermənistan dəfələrlə Minsk qrupu vasitəsilə hələ də çıxa bilmədiyi xam xəyallarına qapıldı, amma bunun da nəticəsi olmadı. Artıq MQ lazımsız bir quruma çevrilmişdi.

Və bu gün Azərbaycan üçün nə “Minsk qrupu”, nə də “həmsədrlər” ifadələri mövcud deyil. Üstəlik, vaxtilə həmsədrlik edən ölkələr də artıq bu reallığı dərk edirlər və əbəs deyil ki, Rusiya XİN rəhbəri məsələ ilə bağlı rəhbərlik etdiyi qurumun nümayəndəsi olduğu bəyan edib, eləcə də Fransanın və ABŞ-ın nümayəndələri Ermənistana tam fərqli statuslarda səfər ediblər.

Beləliklə, siyasi gündəmdə “Dağlıq Qarabağ münaqişəsi” olmadığı kimi, ATƏT-in MQ həmsədrləri də yoxdur. De-fakto onlar özlərini buraxıblar – Yəni nə ABŞ nümayəndəsi, nə Rusiya təmsilçisi artıq özlərini “həmsədr” kimi təqdim etmirlər. Fransa da öz nümayəndəsinin səfəri ilə bağlı Azərbaycan tərəfinə təqdim etdiyi müraciətdə “həmsədr” ifadəsini işlətməyib.

Bu arada Rusiyanın XİN-nin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarovanın keçmiş həmsədrin, mövcud xüsusi nümayəndənin İrəvan və Bakı ilə münbit məsləhətləşmələr aparması ilə bağlı fikri də göstərir ki, artıq həmsədr amili mövcud deyil. Eyni zamanda, həmin bəyanat onu da sübut edir ki, əsas müzakirə Prezident İlham Əliyevin təklif etdiyi gündəlik əsasında aparılır və bu reallıq İrəvan tərəfindən də dərk edilməyə başlanılıb. Beləliklə, Ermənistanın baş naziri Nikol Paşinyan faktiki olaraq, Azərbaycanla danışıqları Prezident İlham Əliyevin irəli sürdüyü 5 prinsipi qəbul edib və zatən onun başqa çıxış yolu da yox idi!

Eyni zamanda, bu prinsiplərin bilavasitə beynəlxalq hüquqa əsaslanır və İrəvan necə deyərlər, nala-mıxa döyəcləyərsə bu yalnız onun ziyanına və köklü zərərinə səbəb ola bilər.

O da əbəs deyil ki, Ermənistanda mövcud olan revanşist qüvvələr nə qədər cəhd etsələr də xalqı özlərinə tərəf cəlb edə bilmirlər. Misal üçün, Vətən partiyasının lideri Artur Vanetsyanın Ermənistanda başladığı etirazların real sosial bazası yoxdur. Həmçinin, bəlli olub ki, Vanetsyan bu kimi dırnaqrarası aksiyadan əvvəl Moskvada 5-ci dərəcəli “məmurlarla” görüşüb və təlimat alıb. Onların əsas məqsədləri isə ictimai rəyin baxışlarını nəzərdən keçirmək, aksiyalara reaksiyalarını yoxlamaqdan ibarətdir. Amma o da faktıdr ki, artıq revanşistlərin də heç bir vasitələri qalmayıb və bu kimi aksiyalar get-gedə ölgünləşəcək və sönəcək.

Çünki erməni cəmiyyəti Vanetyanın arxasında dayanmış keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyan və ümumilikdə korrupsiya burulğanında batan “Qarabağ erməniləri klanından” bezib və onların arxasınca getmək istəmir. Artıq bu bir faktdır. Və əgər bu gün ATƏT-in Minsk qrupu dəfn edilibsə, artıq Ermənistandakı işğalçılıq siyasətinin də ölümü, son nəfəsləri verilir, eləcə də, siyasi nekroloqu yazılır və zaman artıq onların xeyirlərinə əsla işləmir!

Rövşən RƏSULOV