Müstəqil Azərbaycanın gənclər siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Cənab Prezident İlham Əliyev isə bu siyasəti uğurla inkişaf etdirir. Yəni, cənab Prezident gənclər üçün mükəmməl şərait yaradıb. Bəs, bu qədər inkişafa və yeniliyə rəğmən niyə Gənclər Evlərinin qapısı bağlı qalıb? Gənclər bu mərkəzlərə niyə maraq göstərmir? Problem nədədir? SİA mövzu ilə bağlı gənclərin fikirlərini öyrənib.
YAP Yasamal rayon təşkilatının üzvü Rəşad İmanov: “Hazırda ölkənin müxtəlif ərazilərində 24 Gənclər Evi var. Bu Gənclər Evinin fəaliyyət istiqamətləri gənclərə vətənpərvərlik tərbiyəsinin verilməsi, gələcək kariyeraları üçün məşğulluq təcrübəsinin artırılması, asudə vaxtın səmərəli təşkili və ictimai həyatda iştiraklarının təmin edilməsindən ibarətdir. Buna görə də həmin mərkəzlərin daxilində müxtəlif kurslar, eləcə də gənclər kafesi və yaradıcılıq emalatxanası mövcuddur.
Bu xidmətlərə ehtiyac olsa da, mərkəzlərin qurduğu ictimaiyyətlə əlaqələr sistemi səmərəli olmadığı üçün gənclər arasında Gənclər Evi haqqında məlumat geniş yayılmayıb. Mərkəzlərin sosial media resurslarına nəzər saldıqda daxili auditoriya üçün maraqlı işlər görüldüyü aydın şəkildə ortadadır amma bu silsilə tədbir və təlimləri daha geniş auditoriyaya ötürmək lazımdır. Bunun üçün ən səmərəli yol ictimaiyyətlə əlaqələr üzrə strategiyanın düzgün qurulmasıdır”.

Gənclərin Töhfəsi İB-nin Baş Katibi Taleh Mansurov: “Gənclər sektorunun günü-gündən inkişaf etməsi, yeni bilik bacarıqların meydana çıxması, könüllülük anlayışının daha geniş vüsət alması sözsüz ki, gənclərin ictimai həyatına göstərilən diqqət qayğının böyük olduğunu göstərir. Gənclər Evləri isə bu sahədə bir qədər geri qalır. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var.
Gənclər Ev və Mərkəzləri gənclərin asudə vaxtlarının səmərəli inkişafı, bilik və bacarıqlarının, vətənpərvərlik keyfiyyətlərinin yüksəldilməsi və bu kimi sahələrin inkişaf etdirilməsi məqsədi ilə yaradılıb. Lakin bu gün bir çoxlarının qapılarının bağlı olması və ya sıfır səviyyəsində fəaliyyət göstərməsi kadr seçimlərindən və gənclər mərkəzlərinin gəncləri özlərinə çəkəcək fəaliyyətlərinin olmamasınından qaynaqlanır.
Eyni zamanda büdcə məsələləri də var ki, Gənclər Evləri böyük layihələrin həyata keçirilməsi üçün donor tapmaqda çətinlik çəkillər. Ən başlıca səbəbi isə kadr seçimində görürəm. Çünki yeni gənclik artıq inkişafa və müasir trendlərin izlənilməsinə maraq göstərir. Günün tələbinə uyğunlaşmayan mərkəzlərin isə qapıları bağlı qalır. Bu sahədə geniş islahatlar aparılmalıdır”.

Davam Gənclər Hərəkatının fəal gənci Bənövşə Feyziyeva: “Gənclər üçün yaradılan təşkilatlarda onlar üçün bir sıra imkanlar var. Lakin bölgələr üzrə yaradılmış Gənclər Evi aktiv şəkildə fəaliyyət göstərmir. Buna səbəb isə gənclərə lazımi məlumat verilməməsidir. Məsələn, musiqi dərsi keçirlərsə, musiqi alətləri olmur.
Suraxanı Gənclər Evində aktiv tədbirlər təşkil edilir. Həmçinin, buranın gəncləri də çox aktivdir”.

Gənc könüllü Aysel Quliyeva: “Möhtərəm cənab Prezidentin gənclərə olan diqqət və qayğısı sayəsində bu gün gənclərimiz yetərində inkişaf edir. Cənab Prezidentin hər il Azərbaycan Respublikasının Gənclər Fonduna ayırdığı maliyyə də buna sübutdur. Gənclər Fondunun nəzdində olan gənclər təşkilatının aktivliyi isə gənclərin bu sahəyə olan marağını artırır.
Gənclərin bu kimi fəaliyyətlərdən xəbəri yoxdur. Buna səbəb isə düzgün maarifləndirmə işlərinin olmamasıdır. İlk növbədə universitetlərdə məlumatlanma məqsədilə tədbirlər keçirilməlidir. Hətta bunun üçün xüsusi köşə də yaradılmalıdır. Koordinatorlar çox aktiv olmalıdır. Mən düşünürəm ki, universitetlərdəki koordinatorlar aktiv deyil.
Həmçinin, sosial şəbəkələrdə də piar işləri gücləndirilməlidir. Bu vasitə ilə də gənclər layihələrdən xəbərdar ola bilər”.
Ayşən Vəli