"Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olub. Bu xidmətlərdən biri də Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırılması ilə bağlı idi. Ötən əsrin 70-ci illərində keçmiş sovet məkanında bir sıra ciddi proseslər cərəyan edirdi. Həmin dövrdə SSRİ yeni konstitusiyasının qəbulu ilə bağlı müzakirələr aparılırdı. Müvafiq olaraq ittifaq ölkələri də öz konstitusiyalarını nəzərdən keçirirdilər". Bu sözləri SİA-ya açıqlamasında deputat Elşad Mirbəşiroğlu deyib.
Onun sözlərinə görə, 1978-ci ilin aprel ayında SSRİ Ali Sovetinin iclasında Azərbaycan dilinə dövlət dili statusu verilməsi fikri Heydər Əliyev tərəfindən irəli sürülmüşdü: "Müvafiq olaraq Ali Sovetin sessiyasında Azərbaycan SSRİ konstitusiyasının 73-cü maddəsinə "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir" şəklində düzəliş edildi. Heydər Əliyevin bu təşəbbüsü bütün Azərbaycan xalqının ürəyincə oldu. Həmin dövrdə dil ilə bağlı cəsarətli təşəbbüs irəli sürmək ittifaq ölkələri içərisində yalnız Heydər Əliyevə məxsusdur".
Deputat sözlərinə davam edərək həmçinin qeyd edib ki, bu, hər şeydən öncə Ulu Öndər Heydər Əliyevin milli dəyərlərə, ana dilinə bağlılığının göstəricisi idi: "Azərbaycan dilinin dövlət dili kimi rəsmiləşdirilməsi müstəqil dövlətçiliyin rəmzlərindən biri kimi qiymətləndirilməlidir. Heydər Əliyevin uzaqgörən addımı bugünkü müstəqil Azərbaycanın əsaslarının möhkəmləndirilməsi üçün çox mühüm bir addım olub. Heydər Əliyev daim Azərbaycan dilinin inkişaf etdirilməsinə həssaslıqla yanaşıb. Ulu Öndər özü ana dilində fikirlərini səlis ifadə etməklə bağlı hər kəsə örnək olub. Azərbaycan xalqının istəyi ilə ikinci dəfə ali siyasi hakimiyyətə qayıtdıqdan sonra da Heydər Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən biri məhz ana dilinin inkişaf etdirilməsi oldu. Dünya ədəbiyyatının Azərbaycan dilinə tərcümə edilməsinə xüsusi diqqət yetirirdi. 1995-ci ildə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının yeni konstitusiyası hazıranarkən də dövlət dilinin necə ifadə olunması məsələsi ətrafında müzakirələr aparılıb. Azərbaycan dilinin ana dili kimi ifadə olunması hamı tərəfindən dəstəkləndi. Konstitusiyanın 21-ci maddəsinə əsasən respublikanın dövlət dili Azərbaycan dili qəbul olundu. Bunun nəticəsində Azərbaycan dilinin qorunması sahəsində imkanlar genişləndirildi. Azərbaycan dilinin yaşaması, zənginləşdirilməsi Heydər Əliyevin adı ilə bağlıdır".