20.04.2022-ci il tarixdə Sabunçu rayonunda Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən Müharibəsi şəhidi Əsgərli Tural Ələmdar oğlunun doğum günündə xatirəsi anılıb. Tədbirdə Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu Rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, icra nümayəndələri, millət vəkili Əliabbas Salahzadənin köməkçisi Hikmət Bunyatov, Zabrat Bələdiyyəsinin sədri Nailə Nəsirova, şəhidin ailə üzvləri, döyüş yoldaşları və qəsəbə sakinləri iştirak etmişdir.
Ailənin qayğıları ilə maraqlanan təşkilat sədrinin müavini Zülfüqar Cəfərov şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərinin olduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir övladımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulamış, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir.
Şəhid ailəsi göstərilən diqqət və qayğıya görə İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Əsgərli Tural Ələmdar oğlu 20.04.1993-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. 1999-cu ildə Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbin 1-ci sinifində təhsil almış, 2007-ci ildə Naxçıvan Müxtar Respublikası hərbi liseyinə daxil olmuş, 2010-cu ildə liseyi bitirmişdir. Həmin ildə Heydər Əliyev adına Hərbi Akademiyaya daxil olmuş, 2014-cü ildə akedemiyanı bitirmişdir. 2014-cü ilin sentyabr ayında ixtisasını təkmilləşdirmək üçün Təlim Tədris Məktəbinə daxil olmuşdur. 2015-ci ildə buranı bitirdikdən sonra xidmətə başlamışdır. İlk xidmət yeri Qazax rayonunun "n" saylı hərbi hissəsində tağım komandiri vəzifəsində çalışmışdır. Daha sonra 2018-ci ildə Daşkəsən rayon “n” saylı hərbi hissəsinə göndərilmiş burada vəzifəsi artırılaraq Bölük Komandiri olaraq xidmət etmişdir.
27 sentyabr II Qarabağ müharibəsi döyüşlərində iştirak etmiş və 01.10.2020-ci ildə qəhrəmancasına şəhid olmuşdur. 03.10.2020-ci ildə II Fəxri Xiyabanda dəfn olunmuşdur. Döyüşdə göstərdiyi qəhrəmanlıq və şücaətə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlarla “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.