“Bildiyimiz kimi işğaldan azad olunmuş torpaqlarımız 706-ı dövlət qeydiyyatında olmaqla, 2600-dən çox tarix və mədəniyyət abidəsini əhatə olunur. Bu zəngin bir ərazi deməkdir”. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli bildirib.
Onun sözlərinə görə, yəni Qarabağ və Şərqi Zəngəzur istər memarlıq, istərsə də arxeoloji baxımdan çox zəngin olan bir ərazini özündə əks etdirir: “Kifayətdir ki, dünya əhəmiyyətli Şuşa qalası, Xudafərin körpüsü, Üzərliktəpə kimi abidələr, ən başlıcası isə 1,5 milyon il tarixə malik Azığ mağarası kimi irsimiz var. Bunlar hamısı mühüm əhəmiyyət kəsb edir. Qeyd olunduğu kimi, bir sıra abidələrimiz bərpa edilib. Bunlar dahi bəstəkarımız Ü.Hacıbəylinin heykəli, Molla Pənah Vaqifin büstü və məqbərəsi, Bülbülün ev muzeyidir. Lakin bunların ardınca Yuxar, Aşağı Gövhərağa məscidlərinin, Saatlı məscidinin də bərpası üzrə iş gedir. Əlbəttə növbəti yaxın zamanlarda Ağdam Cümə məscidinin, həmçinin Ağdam daxilində olan Qiyaslı məscidinin bərpası nəzərdə tutulur. Paralel olaraq Üzərliktəpədə də müvafiq arxeoloji işlər aparılır. Onlar tamamlandıqca orada da qısa zamanda infrastruktur layihəsinin həyata keçirilməsi planlaşdırılır”.