Erməni mətbuatı baş nazir Paşinyanın Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüşünü və verilən qərarları tənqid etməkdə, hətta ittihamlar irəli sürməkdə davam edir. SİA xəbər verir ki, görüşlə bağlı Armenianreport informasiya portalı məqalə ilə çıxış edərək qeyd edir ki, Rusiya və Ermənistanın nasizmlə mübarizədə birgə iştirakları barədə razılaşma əldə etməsi Qərbin, xüsusilə ABŞ-ın və Böyük Britaniyanın Ermənistana qarşı siyasi-iqtisadi cəhətdən konkret addımlar atmalarına şərait yaradır.
Erməni mediası iddia edir ki, Putin ənənəvi davranışını davam etdirməklə Paşinyanı da özü ilə bağlı siyasi uçuruma doğru çəkib aparır
Rusiya prezidentini ittiham edən və bu xüsusda Paşinyanı da hədəfə alan erməni portalı erməni baş nazirinin RF prezidenti ilə görüşünün Ermənistan üçün pis nəticələr verəcəyini yazır və qeyd edir ki, Putinin əlinin sıxılmasını qəbul etməyən Qərb onun beynəlxalq məhkəməyə cəlb olunması ilə bağlı addımlar atmağa hazırlaşdığını gizlətmədiyi halda, bu gözləntilər Ermənistana münasibətdə də neqativ təsirlərini göstərəcək. Beləliklə, adıçəkilən erməni mediası iddia edir ki, Putin ənənəvi davranışını davam etdirməklə Paşinyanı da özü ilə bağlı siyasi uçuruma doğru çəkib aparır.
Bütün dünya Ukraynadakı döyüşlərin danışıqlar masasında deyil, döyüş meydanında aparılacağını aydınlaşdırandan sonra Putin Paşinyanla görüş keçirir
Portal bu yaxınlarda ABŞ-ın dövlət katibi Ned Praysın CNN-ə verdiyi şərhini də xatırladır və Birləşmiş Ştatların RF-nı “terrorçuluğun sponsoru” siyahısına qəbul edilməsi mümkünlüyü barədə fikirlərini yazır. “Biz qanunu diqqətlə öyrənirik”, deyə Armenianreport Praysın bəyanatından sitat gətirir. “Telekanalın adının çəkilməyən mənbəsinin məlumatına görə, administrasiya Rusiyanın müvafiq siyahıya salınmasını RF-nın Ukraynada müharibə aparması ilə əlaqələndirir”, deyə Armenianreport portalı yazır.
Putini və Paşinyanı hədəfə alan adıçəkilən informasiya vasitəsi əlavə edir: “O, bu dəfə də “lazımi” vaxt seçdi. Xüsusi əməliyyatın başlamasından öncə, bütün dünya Ukraynada demokratiya uğrundakı döyüşlərin danışıqlar masasında deyil, döyüş meydanında aparılacağını aydınlaşdırandan sonra Putin Paşinyanla görüş keçirir. Bütün bunlardan sonra isə bax belə bəyanat verilir. Ümumilikdə isə Qərbin qəzəbinə yalnız bu bəyanat səbəb ola bilməz”.
“Ermənistanı Rusiyanın sanksiya sədlərini aşması üçün dəstək verən ölkələr siyahısına daxil edə bilərlər”
“Özəlliklə, Kremlin bəyanatında bildirildiyi kimi, tərəflər bir sıra ölkələrin birtərəfli sanksiyalar tətbiq etməsindən təəssüfləndiklərini bildirir və bir-birlərini məlumatlandırmaqla bu kimi çağırış sədlərini aşacaqları barədə razılıq əldə ediblər. Məntiqcə bu bəyanatdan sonra Ermənistanı Rusiyanın sanksiya sədlərini aşması üçün dəstək verən ölkələr siyahısına daxil edə bilərlər. Bu isə bizim ölkəmizə qarşı sanksiyaların tətbiq edilməsi üçün şərait yaradır”, deyə Armenianreportun məqaləsində bildirilir.
Rövşən RƏSULOV