Son illərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri nəticəsində Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Şəhərdə digər sahələrlə yanaşı yol infrastrukturunun yenilənməsi, burada alternativ hərəkət vasitələrinin artırılması istiqamətində ölkə başçısının tapşırıqlarının icrası ilə bağlı yeni velosiped yollarının salınması istiqamətində işlər davam edir. Bununla əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Nəqliyyat Agentliyi tərəfindən bir sıra mərkəzi küçələrdə velosiped zolaqlarının salınması işləri həyata keçirilir. Bu istiqamətdəki işlərin başlanğıcı kimi mərkəzdə - Üzeyir Hacıbəyov, Puşkin, Rəşid Behbudov küçələrində yeni velosiped yolu salınıb. Artıq şəhərin mərkəzini əhatə edən 7,5 km uzunluğunda velosiped yolunun 1,6 km-i yekunlaşıb. Mövzü ilə əlaqədar olaraq paytaxt sakinlərinin təəssüratlarını öyrənmək məqsədi ilə SİA sorğu keçirtdi.
Şəhər sakini Xəyyam Həsənov: “Hazırda bütün dünyada velosiped idman növü ilə bağlı bütün problemlər aradan qaldırıldığı kimi bizim ölkədə də bu istiqamət üzrə işlər görülür. Bir vətəndaş olaraq ölkəmizin idman sahəsindəki uğurlar məni çox sevindirir. Təbii ki, velosipeddən yararlanan insanların üstünlük təşkil etməsi üçün bu addım vacib idi. Düşünürəm ki, velosiped üçün salınan yollar daha çox olmalıdır. Çünki çoxumuz maşından istifadə edirik. Maşın nə qədər rahat olsa da, bir o qədər sağlamlığımız üçün zərərlidir”.
Şəhər sakini Anarə Həsənova: “Fikrimcə, velosiped yollarının salınması vacib məsə idi. Çünki sırf nəqliyyat növü olaraq velosipeddən istifadə edən insanlar magistral yolla hərəkət edirdilər bu da qəzalara səbəb olurdu. Lakin bu cür yolların salınması həm qəzaların qarşısını alır, həm də bu idman növü ilə məşğuı olan insanların rahatlığını təmin edir. Düşünürəm ki, bu cür zolaqlar təkcə şəhərin mərkəz küçələrində deyil, eyni zamanda şəhərdən kənar ərazilərə də salınmalıdır”.
Şəhər sakini Rüstəm Kərimov: “Mən velosiped idman növü ilə məşğul olmuşam. Təbii ki, bu fəaliyyətimi peşəkarcasına deyil, həvəkar olaraq həyata keçirmişəm. Amma sırf idmançıları və bu idman növünə həvəsi olan insanları düşünürək bu addımın atılması çox yaxşı bir haldır. Məncə insanlaır sağlam həyata alışdırmaq və idmana olan marağın artırılması üçün bir sıra tədbirlər həyata keçirilməldir. İndiyənə kimi insanlar velosiped sürərkən əziyyət çəkirdisə məncə bu zolağlar sayəsində hər hansısa bir problemlə rastlaşmayacaqlar”.
Şəhər sakini Aybəniz Əsgərova: “ Hər birimizin bildiyi kimi bir çox dünya ölkələrində velosiped zolağları artıq çoxdan insanların istifadəsinə verilib. Bizim ölkəmizdə də bu kimi tədbirlərin həyata keçirilməsi sevindirici addım olsa da, fikrimcə, bizim ölkədə maşından istifadə edən insanlar üstünlük təşkil edirlər. Ona görə də, məncə velosiped yolları bizim ölkədə əlverişsiz olacaq. Yəni onsuzda bu yollardan istifadə edən şəxslər azdır”.
Şəhər sakini Aytac Ağayeva: “Mən gündəlik olaraq velosipeddən istifadə edirəm. Bunun üçün də velosiped zolaqlarının salınması məni çox sevindirdi. Çünki bilirəm ki, mənim kimi bir çox insan velosiped sürərkən yollarda problemlərlə rastlaşırdılar. Amma indi bu zolaqlar sayəsində rahatlıqla velosiped sürəciyik. Belə olduğu zamanda özümüzü daha təhlükəsiz və rahat hiss edəciyik”.
Şəhər sakini Nəzrin Fərzəliyev: “Velosiped idman növünə verilən diqqət təqdirə layiqdir. Mənim bu idmana marağım olmasa da, ətrafımda bu idmanla məşğul olan yetərincə insan var. Belə yollar təkcə mərkəz küçələrində deyil, ölkənin digər ərazilərində də olsa daha yaxşı olar. Ümumilikdə təkcə velosiped idman növü deyil, digər idman növlərinin təşkili üçün belə addımlar atılsa çox yaxşı olar”.
Şəhər sakini Turanə Məmmədov: “Bildiyiniz kimi bir çox insan yollarda qəzalar nəticəsində yaralanır, həyatını itirir və müəyyən xəsarət alaraq ömürlərinin sonun kimi bunun əziyyətini çəkirlər. Amma belə tədbirlərin görülməsi həm piyadaların, həm sürücülərin həm də velosiped istifadəçilərinin təhlükəsizliyi üçün mühüm idi. Düşünürəm ki, belə yollar daha çox salınmalı və insanlaırn istifadəsinə verilməlidir. Bu kimi tədbirlər kütləvi şəkildə təbliğat xarakteri daşıyır. Həmçinin təbliğat olunduğu halda da, insanların bu idman olan marağı artır və maşından istifadə halları da azalır”.