Azərbaycanda dərmanları kimlər bahalaşdırır? - İQTİSADÇI AYDINLIQ GƏTİRDİ

20 Aprel 2022 17:35 (UTC+04:00)

"Ölkədə dərman preparatlarının qiymətinin həddindən artıq baha olması mövcud bazarlarda yaxşı olmayan ən mənfi tərəflərdən biridir. Çünki məhz dərman preparatları insanlar üçün gündəlik ərzaq məhsullarından daha çox vacibdir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, buna görə də bilavasitə bu sahənin daha diqqətli şəkildə nəzarətdə saxlanılmasına böyük ehtiyac var: "Bildiyimiz kimi qida və sağlamlıq bütün ölkələrdə əsas məsələlərdən biridir. Dərman preparatları, vasitələri idxal olunduğu ölkələrdən qat-qat baha qiymətə ölkəmizdə satılır. Bunun da əsas iki istiqamətdə qaynaqlanan səbəbləri var. Dərmanların baha olmasının əsas səbəbi ölkədə istehsalın olmaması, idxaldan asılılığın həddindən artıq ifrat səviyyədə olmasıdır. Digər bir məsələ isə ölkəyə dərman gətirən şirkətlərin dərman bazarında qiymət diqtə etmək funksiyalarının çox yuxarı səviyyədə olmasıdır.

Nəzərə alsaq ki, Rusiyadan dərman preparatları Azərbaycana daha çox idxal olunurdu. Hazırda baş verən münaqişə bu sahədə öz təsirini göstərir. Müəyyən çatışmazlıqlar alternativ dərmanların alınmasına gətirib çıxardır. Bu da birbaşa qiymət artımına səbəb olan amillərdən biridir".

Arzu Qurbanzadə