Qərbin və Rusiyanın açıq müstəvidəki qarşıdurmalarından yalnız bir qalib çıxmalıdır və bu qalib çıxana qədər təkcə Ukrayna deyil, bəşəriyyət itirəcək...
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi fonunda cərəyan edən və bir-birini tez-tez dəyişən situasiyalar artıq dünyanın geosiyasi vəziyyətinə qlobal dəyişikliklər gətirib. Əvvəldən də bilindiyi kimi, yalnız Rusiya-Ukrayna deyil, bilavasitə Qərb-Rusiya qarşıdurması kimi qəbul edilən mövcud müharibənin həm də bu qədər uzun müddət davam edəcəyi də inandırıcı görünmürdü.
Artıq indi amansız savaşın illərlə davam edəcəyi barədə dəhşətli proqnozlar irəli sürülür. Yeri gəlmişkən, əgər Kreml Krımın ilhaqından sonra Donetskin və Luqanskın Rusiyaya birləşdirilməsi planını da gerçəkləşdirəcəyini dolayısı ilə etiraf edirdisə, indi Ukraynanın paytaxtı Kiyevin, eləcə də Xarkovun, Xersonun və s. şəhərlərin də ələ keçiriləcəyi istisna olunmur. Əbəs deyil ki, bütün şəhərlər hər gün ardıcıl, sərasər raket, artilleriya zərbələrinə məruz qoyulur.
Yeganə çəkinəcək nüvə silahıdır!
Ukraynanın prezidenti Vladimir Zelenski isə bu yaxınlarda bəyan etdi ki, ölkəsi bundan sonra 10 il Rusiya ilə müharibə aparmaq gücündədir. Onu da etiraf edək ki, Ukrayna həqiqətən də Qərbin Rusiya ilə qarşıdurmasında vasitə rolunu oynayır və Qərbin Ukrayna silahlı qüvvələrini müxtəlif növ silahlarla, texnikalarla təchiz etməsi də həmin reallığı sübut edir.
Fəqət, Ukraynanın NATO-ya üzvlüyü rədd edilirsə və həmin imtina Rusiya ilə daha dərin, yaxud birbaşa konfrontasiyaya getməməsi üçün tətbiq olunursa, demək Qərbin də Rusiyadan müəyyən çəkinəcəkləri üzə çıxır. Çəkinəcək olan isə nüvə silahıdır!
Əbəs deyil ki, Rusiyanın hərbi strukturlarında yer alan yüksək rütbəli zabitlər, generallar cameəsi də dəfələrlə müxtəlif vasitələrlə bəyan ediblər ki, NATO Rusiyaya qarşı açıq müharibəyə girişərsə qarşısında nüvə silahını görmüş olacaq. Amma nəzərə alsaq ki, ABŞ başda olmaqla NATO-ya üzv olan daha bir neçə ölkələrin nüvə silahları mövcuddur, bu zaman nüvə müharibəsinin dünyanın sonunu gətirməsi ehtimalı kifayət qədər yüksəlir.
NATO Polşada təlimlər keçirir, Baltikyanı ölkələr Kalininqradı ələ keçirmək iddiasındadırlar
Maraqlı məqamlardan biri də NATO-nun son günlər Rusiya ilə sərhəddən cəmi 75 km aralıda yerləşən Polşa torpaqlarındakı poliqonlarda hərbi təlimlərə başlamasıdır. Əzələ nümayişi kimi də qiymətləndirilən bu təlimlərin əsas məqsədi Rusiyadan gələn təhlükələrin qarşısını almaq məqsədi daşıyır.
Habelə, Polşa rəhbərliyinin hər an Rusiya ilə müharibəyə hazır olması barədə verdikləri bəyanatlarıı mövcud vəziyyətin çərçivədən çıxmağa doğru getdiyini göstərir.
Üstəlik, Baltikyanı ölkələrin – Latviyanın, Litvanın və Estoniyanın hərbi dairələri Rusiyanın ən qərbində yerləşən şəhəri - Kalininqradın ələ keçirilə bilməsi planlarının daim işlək vəziyyətdə olması barədə ciddi bəyanatlar vermələri də qeyd olunan fikirləri təsdiq edir. Buraya İsveçin və Finlyandiyanın da NATO-ya üzvlük barədə müraciət etmələri isə artıq Kremli düşündürməlidir. Beləliklə, NATO birbaşa olmasa da, müxtəlif vasitələrlə öz siqnallarını verməyə başlayıb...
Əgər bütün dünya ölkələri Rusiyaya qarşı sanksiyalara qoşulsaydılar...
Daha bir amil – sanksiyalardır. Maraqlısı budur ki, dünyanın ən aparıcı istehsalat, qida, texnologiya, aqrar sənaye və s. şirkətləri artıq Rusiyadan gediblər və bütün bunlara baxmayaraq Rusiyanın tükənməyən hərbi-iqtisadi ehtiyatları artıq uzanmağa başlayan müharibədə öz sözünü deyir. Bəllidir ki, əgər bütün dünya ölkələri Rusiyaya qarşı sanksiyalara qoşulsaydılar bu zaman Kremlin qısa müddətdə məğlubiyyəti baş verə bilərdi. Lakin gördüyümüz və müşahidə etdiyimiz kimi, təkcə Çin, Hindistan, həmçinin, Hind-Çin regionuna məxsus bir sıra ölkələr, habelə Kuba, bir sıra Latın Amerikası və Afrikanın Rusiya ilə münasibətdə olan ölkələri, Orta Şərq dövlətlərinin böyük kəsiminin sanksiyalara qoşulmamaları Kremlin Ukraynaya qarşı apardığı hərbi əməliyyatlarına stumul verir.
Çox yəqin ki, əgər Ukrayna bundan sonra 10 il Rusiyaya qarşı müharibə aparacağını rahatlıqla bəyan edirsə, bu müddət Rusiya üçün çox azdır və Rusiyanın nəinki 10, hətta bu müddətdən daha çox zamanda müharibə etmək gücündə olduğunu deyə bilərik. Yəni müharibənin nəticəsinin kimin xeyrinə başa çatacağı deyil, müharibənin müddətinin uzanmasından hansı ölkənin ölümcül zərər görəcəyi sual verilə bilər. Hər iki halda bu ölkələr itirdiklərini geri qaytarmaq üçün çox qəyin ki, onilliklər sərf edə bilərlər.
Bütün bunlar hələ ki, Rusiyanın Ukrayna şəhərlərini atəş xətti altında saxlaması zamanı proqnozlaşdırılır və bu yaxınlarda Zelenskinin Moskvadakı, Sankt-Peterburqdakı, Rusiya ilə sərhədlərindəki hərbi-strateji obyektləri hədəfə ala biləcəkləri ilə bağlı bəyanatı vəziyyəti daha da qəlizləşdirir. O cümlədən, ortada minlərlə dinc əhali həyatlarını itirir, müharibənin acımasız, qəddar üzü ilə rastlaşmalı olur.
Müharibənin yalnız regional deyil, dünyəvi iqtisadi, siyasi böhranlara səbəb olacağı da sirr deyil
Artıq get-gedə qəddarlıq amilinin sadə bir mənzərəyə çevrilməsi prosesi başlayıb və insan ölümünün bu qədər ucuzlaşması adi hal kimi qiymətləndirilir. Təəssüf ki, indi onminlərlə ölü, yaralı, qaçqın kütləsi mövcuddur və tərəflər bir-birlərinə əsla güzəşt etməyəcəklərini də bildirirlər. Beləliklə, bu xəmirin hələ çox su aparacağı, üstəlik, yalnız regional deyil, dünyəvi iqtisadi, siyasi böhranlara səbəb olacağı da sirr deyil.
Əbəs deyil ki, dünyada bahalaşma həddinin günü-gündən artması, o cümlədən, ərzaq məhsullarının üçüncü və s. ölkələrdə qıtlıq yaşatması bu müharibənin ağır təsirlərindən biridir. Bu baxımdan, müharibənin başa çatması üçün, sadəcə, bəşəri cəhdlər etmək vacibliyi artır, əlbəttə ki, bu da mümkün görünmür. Qərbin və Rusiyanın açıq müstəvidəki qarşıdurmalarından yalnız bir qalib çıxmalıdır və bu qalib üzə çıxana qədər yalnız Ukrayna deyil, bəşəriyyət itirəcək...
Rövşən RƏSULOV