Heç bir yaradıcı qrupun tamaşaçının zövqünü korlamağa ixtiyarı yoxdur - ARAŞDIRMA

20 Aprel 2022 16:11 (UTC+04:00)

Yəqin ki, əksər insanların günlərlə keçə bilmədiyi, təkrar-təkrar baxdığı və hər dəfə fərqli düşüncələrə qapıldığı filmlər olub. Bizi ruhlandıran, ağladan, güldürən və ya qorxudan filmlər haqqında düşünəndə onların emosiya və davranışlarımıza nə qədər təsir etdiyini, hansı dəyişiklikləri yaratdığını anlayırıq.

Filmlər səs effektləri, işıqları və dialoqlarla bizi valehedici bir dünyaya aparır və filmlərdə qarşılaşdığımız səhnələrin bizə təsir etməsinə şərait yaradır. Təəssüf ki, filmlərin təsiri müsbət olanlarla məhdudlaşmır.

Kitab oxumaqla müqayisədə filmlərə baxmaq insanların gündəlik həyatda daha çox etdikləri bir fəaliyyətdir. Bundan əlavə, film izləmək kitab oxumaqdan çox daha qısa müddətdə tamamlana bilər.

Həmçinin, filmdə olan şiddət səviyyəsinə diqqət yetirilməlidir. Bəs, psixologiya mövzulu serialların bu qədər geniş yayıldığı dövr cəmiyyətə hansı təsirləri göstərir? Bu serialların tamaşaçılara müsbət və mənfi təsirləri nədən ibarətdir?

Adətən həftəlik yayımlanan teleseriallarda çox vaxt emosiyalara əsaslanan hekayələr və ya həyat hadisələri danışılır. Seriallar üzərində aparılan araşdırmalar göstərir ki, seriallar fərqli həyat tərzini təbliğ etməkdə, tamaşaçıda dəyişiklik yaratmaqda təsirli olur. Son zamanlar psixoloji məzmunlu seriallar və ya verilişlər geniş yayılmağa başlayıb. Nəzərə almaq lazımdır ki, belə məşhur seriallar insanlara müsbət olduğu kimi, mənfi də təsir edə bilər.

Televiziya serialları psixoterapevtə istiqamətlənmə, passivlik, empatiya əvəzinə simpatiya inkişaf etdirmə, toxunma, qucaqlaşma, insanların keçmiş travmatik təcrübələrini tətikləmə kimi real olmayan gözləntilərə səbəb ola bilər. Yetkinlərin keçmiş həyatları və ya valideynləri ilə bağlı mənfi hisslər də yarana bilər. Bütün bunları nəzərə alaraq, 18 yaşından aşağı olan şəxslərin inkişafı davam etdiyi üçün psixoloji mövzulu seriallara baxmamağı tövsiyə olunur.

Dünyada və Azərbaycanda film tarixinə nəzər salsaq, dünya kino tarixində ilk film 1896-cı ildə Lümyer qardaşları, Azərbaycanda isə ilk filmlər 1898-ci ildə fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmişdir. 2 avqust isə Azərbaycan Kinosu Günüdür. Ulu Öndər Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli fərmanı ilə 2 avqust "Azərbaycan Kinosu Günü" – ölkəmizdə kino işçilərinin peşə bayramı elan olunub.

Film sənətinin yaranması XX əsrdə göstərilən "sehrli lampa" ilə başlayır. Bu qurğu ilə şüşə üzərində çəkilmiş şəkil ardıcıllığını divara salmaqla göstərmək olurdu. Qurğu əl ilə işləyirdi.

Bəs bu gün Azərbaycan filmləri hansı səviyyədədir? Vəziyyət qaneedicidirmi? Ölkəmizdə film sahəsində hansı yeniliklər olmalıdır? SİA mövzu ilə bağlı araşdırma apararaq ekspertlərin fikirlərini öyrənib.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə: “Seriallar intellektual tamaşaçı təbəqəsi üçün nəzərdə tutulmayan yaradıcılıq məhsulu sayılır. Buna görə də serial çəkən rejissorlardan qeyri-adi, dahiyanə məhsul tələb etmək düzgün deyil. Amma müəyyən peşəkar xüsusiyyətlərə əməl olunmalıdır. Heç bir yaradıcı qrupun tamaşaçının zövqünü korlamağa ixtiyarı yoxdur.

Azərbaycanda nəinki yaxşı, hətta ortabab serial çəkilmədiyi hamıya məlumdur. Bizim ölkəmizdə seriallar efir vaxtını doldurmaq üçün çəkilir. Çox vaxt isə rejissorlarımız dəb xatirinə seriallar çəkirlər. Buna görə də milli seriallarımızın tamaşaçısı həmişə az olur.

Bəzən seriallarda çəkilən aktyorları çoxumuz tanımırıq. Vaxtilə bu məsələni araşdıranda səbəbi mənə aydın oldu. Sən demə, peşəkar aktyorlar normal qonorar tələb etdikləri üçün rejissorlar çox vaxt tələbələri, hətta bəzən küçədən keçən adamları seriala çəkirlər. Bir dəfə Əməkdar artist Çingiz Əhmədov mənim də qatıldığım televiziya proqramında dedi ki, Azərbaycanda seriallara taksi sürücülərini də çəkirlər. Yaxşı serial çəkmək üçün yaxşı maliyyə lazımdır. Çünki ancaq peşəkarlar ortaya yaxşı məhsul çıxara bilərlər. Peşəkarlara isə qonorar vermək lazım gələndə təşkilatçıların əli əsir. Buna görə də Azərbaycan serialının ömrü yaz yağışı qədər qısa olur.

Yaxşı serial çəkmək üçün ilk növbədə, yaxşı sponsor olmalıdır. Azərbaycanda sponsorların əsasən, beldən aşağı “komediya” filmlərinə pul yatırması, yaxşı sənət əsərlərinin ekran işinə çevrilməməsinə gətirib çıxarır. Fikir verirsinizsə, bizim ədəbiyyatımızda yüzlərlə, hətta mən deyərdim minlərlə möhtəşəm romanlar, povestlər, novellalar və s. nümunələr var. Bəs bunları ekran işinə çevirmək üçün maliyyə yatıran niyə yoxdur?

Şəxsən, mən istərdim ki, yazıçılarımızın bizə əmanət qoyub getdiyi, gənclik dövrlərimdə oxuduğum, hətta bəzi gənclərin belə hazırda müraciət etdiyi bestseller bu gün ekran işinə çevrilsin. Bu, həmin əsərin tam surətdə filmə köçürülməsi də ola bilər və yaxud həmin əsərlərin motivləri əsasında da maraqlı bir ekran işinin ərsəyə gəlməsi də.

Doğrudur, bu gün “Azərbaycanfilm” tərəfindən bir sıra maraqlı əsərlər filmə çevrilir, lakin məni təəssüfləndirən budur ki, Azərbaycan gəncliyinin bir qismi yuxarıda qeyd etdiyim kimi, beldən aşağı “yumorlara”, qeyri-etik cümlələrin işləndiyi qısa səhnəciklərə (sketçlərə - red.) üstünlük verir. Sözsüz ki, xidmət də tələbata uyğundur. Ona görə də hazırda ölkəmizdə istər kino, istərsə də serial sektorunda bu səpkili ekran işlərinin ərsəyə gəlməsi böyük üstünlük təşkil edir. Məncə, bu tendensiyanı dəyişməli, gəncliyimizə köhnə əsərləri, oradakı obrazların xarici-daxili atmosferini aşılamalı və gələcəkdə ölkəmizin mədəniyyət sahəsində olan şəxsləri bu şəkildə formalaşdırmalıyıq. Axı bizim mədəniyyətimiz, ədəbiyyatımız, hətta filmlərimiz dillərə dastan, bu gün də xatirimizdə qalan replikalarla doludur? Bunu niyə bizdən sonrakılara da ötürməyək?”.

Ssenarist və rejissor Ramil Adiloğlu: “Əvvəlki illərlə müqayisədə kino sənətində xeyli inkişaf var. Lakin pandemiyadan sonrakı dövrdə o qədər də böyük rəqabət hiss olunmur. Səbəb də istehsalçılara maliyyə dəstəyinin azalmasıdır.

Filmin keyfiyyət məsələsi isə günü-gündən artır. Heç kimdən heç nə ummaq lazım deyil. İstehsalçılar özləri özlərini maliyyələşdirməlidir. Onlar ya sponsorlarla, ya da investorlarla istehsal prosesini etməlidirlər.

Çətin olsa da, reklam hesabına yaxşı film istehsal etmək olar. Düşünürəm ki, gələcəkdə film sahəsində yeni janrlar olacaq. Həmçinin, təkrar ssenarilər üzərində çəkilən filmlərin sayı da azalacaq. Yəni, rejissor və istehsalçılar bu məqama xüsusi diqqət edəcək.

Janrlarda da dəyişiklik etmək lazımdır. Yeni janrlar gətirmək çətin olsa da, bunun üçün cəhd etmək lazımdır.

Düşünürəm ki, yaxşı film və yaxşı piar yaxşı satış verir. Yaxşı film zəif piardan bata da bilər. Rəqabət yarandıqca əlbəttə ki inkişaf da olacaq. İstehsalçıların bir araya gələrək güclərini birləşdirməsi isə mütləqdir”.

Deputat Ülviyyə Həmzəyeva: “Çox istəyirəm ki, uzun uzadı ailə dramları olan serialların əvəzinə tarixi filmlər çəkilsin. Bildiyimə görə, Azərbaycanın müstəqilliyi ilə bağlı Cavanşir Hadıyevin prodüserliyi ilə serial ssenarisi var idi...

Serial çəkilirsə, bu cür yarı dedektiv, yarı araştırıcı və real hadisələləri özündə ehtiva edən serial görmək yenilik olardı.

Mövzularımız həddən çoxdur. Ən əsası isə Zəfər tariximiz, qəhrəmanlarımız, onların şücaətləri barəsində. Sənət adamlarımız, ixtiraçılarımız və bu qəbildən olan mövzulu bədii filmlər çəkilə bilər. Bir söz ilə yaxşı Azərbaycan kinosuna susamışıq”.

Psixoloq Leyla Əli: “Filmlərin insan psixologiyasına müsbət təsiri ilə yanaşı mənfi təsirləri də var. Bəzən filmlərdə seçilən mənfi və neqativ rollar reallıqdan uzaq olur. Əgər böyüməkdə olan uşaq bu filmlərdə rol model alırsa həmin qəhrəmanın yaşayışına, həyat tərzinə və ya bahalı maşınına baxacaq. Yəni, insanlar arasındakı münasibətlərə o gözlə baxacaq.

Biz bilirik ki, filmlərdəki həyat gerçək həyat deyil. Müasir dövrdə film və serialların gerçək olmadığının lüks həyatlar üzərində qurluduğundan görmək olar. Müəyyən filmlərdə qəhrəmanlar günün neçə saatı işləyir, hansı peşəyə sahibdir, heç uğursuzluq yaşamır və s bu kimi ssenarilər tək yeniyetmələrin yox böyüklərində psixologiyasına mənfi təsir edir”.

SİA araşdırma mövzusu ilə bağlı şəhər sakinlərinin fikirlərini də öyrənib.

Şəhər sakini Paşa Məmmədov: “Seriallarda mövzular çox bayağıdır və ailə-məişət mövzularınnan kənara çıxmırlar. Düşünürəm ki, fərqli və daha çox tələbat olan mövzularda filmlər ərsəyə gəlsə daha yaxşı olardı. Məsələn, maarifləndirici seriallara çox ehtiyacımız var”.

Şəhər sakini Aytac İbrahimxəlilova: “Bu gün çəkilən seriallar qaneedici deyil. Düşünürəm ki, bizimkilərdə serial və film çəkilişi çox süni alınır. Aktyorlar rola girə bilmirlər. Sünilik çox hiss olunur”.

Şəhər sakini Aysu Məmmədova: “Mən Azərbaycan seriallarına baxmıram. Əvvəlki filmlərimiz çox maraqlı idi. İndi isə çox adi və sıradan mövzularda filmlər çəkilir”.

Şəhər sakini Röya Vahabova: “Təbii ki, əvvəlki kino industriyası ilə müqayisədə indiki vəziyyət çox da ürəkaçan deyil. Amma son zamanlar bəzi rejissorların yaxşı nəysə etməyə çalışdıqlarını görürük.

Seriallardan danışmalı olsaq, indiki serialların durumunu qaneedici saymazdım. Amma hərhalda bəzən yaxşı işlər də ortaya çıxır. Sadəcə istedadları üzə çıxarmaq, maliyyə lazımdır”.

Ayşən Vəli