“2020-ci il noyabrın 10-dan sonra Ermənistanda müharibənin bitməsini qəbul etməyən qüvvələr fəallaşmağa başladılar. Birmənalı olaraq Paşinyan hökumətini istefaya çağıraraq, yenidən müharibəyə başlamaq kimi şüarlar səsləndirdilər”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirib.

Onun sözlərinə görə, revanşist qüvvələrdən olan nümayəndələr bu prosesi alovlandırmağa çalışırlar: “Onlar Ermənistan cəmiyyətində bir fikir formalaşdırırlar ki, sanki müharibədə məğlub olmalarının səbəbkarı Nikol Paşinyandır. Daha əvvəl özlərinin bu prosesdə olan səhvlərini unutdurmağa çalışırlar. Bu mənada bir çox cinayətkarları yenidən Ermənistan cəmiyyətində müharibə toxumları əkməyə başladılar. Burada əsas məqsəd hakmiyyəti yenidən ələ keçirməkdir. İkinci məqsəd isə bu kampaniyaları aparmaqla Azərbaycana təzyiq etmək və sülh çağırışçılarına təzyiq etməkdir. Üçüncü məsələ isə hesab edirəm ki, burada Ermənistan hakimiyyətinin, dövlətinin də rolu ola bilər. Onlar da maraqlıdırlar ki, burada birmənalı fikir səsləndirilməsin. Paşinyan öz hökumətini qorumaq üçün bu cür qüvvələrdən istifadə edir. Yəni beynəlxalq qurumlara, vasitəçi tərəflərə göstərməyə çalışır ki, bəli bu gün Ermənistanda sülhün və əminamanlığın bərpa edilməsinin səbəbkarı odur. Təxminən bu kimi faktorlar hesab edirəm ki, müharibə şüarlarının səsləndirilməsi üçün bir amildir”.
Səbinə Hüseynli