Siyasi şərhçi Azər Həsrətin SİA-ya müsahibəsini təqdim edirik:
- Brüssel görüşündən sonra Paşinyan Rusiyaya səfər edib. Sizcə, bu səfərin baş tutmasına zərurət nədən yaranıb?
- Ümumiyyətlə, Rusiya bizim bölgədə söz sahibi olduğunu hər dəfə üzə vurmağı xoşlayır. Növbəti dəfə bunu dünyaya göstərmək üçün bu görüş təşkil edildi. Brüssel görüşündən sonra Rusiya tələsik bir şəkildə Soçidə də belə bir görüşün keçiriləcəyini elan etdi. Bir növ başqa meydançada oyun getməsin deyə Rusiya dərhal hərəkətə keçdi. Əgər Brüssel görüşü keçirilməsəydi, Ukrayna ilə müharibə şəraitində Putinin Paşinyanla görüşü belə tez baş tutmayacaqdı. Rusiya gərəksiz olacağını düşündüyü üçün Paşinyanı Moskvaya dəvət edib.
- Paşinyanla Putinin görüşündə hansısa prinsipial razılaşmalar əldə olunub?
- Bu görüşdə sərhədlərin delimitasiyası, Qarabağla bağlı məsələlər müzakirə olunub. Putin Qarabağ məsələsini daha qabarıq şəkildə ictimai rəyə ötürməyə çalışdı. Bu da təsadüfi deyildi. Çünki Putinin hal-hazırda ağalıq edə biləcəyi sahələr azalıb. Söz sahibi olduğunu göstərmək üçün bu məsələyə ehtiyac duydu. Qarabağ elə bir məsələdir ki, bu baxımdan Azərbaycan təmkinli davranır, Ermənistanda məsələnin bitməsində maraqlıdır.
- Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin sürətləndirilməsinə Rusiya töhfə verə bilər?
- Rusiya bu məsələ ilə bağlı heç bir töhfə verə bilməyəcək. O, sadəcə reallıqla hesablaşmaq məcburiyyətində qalacaq. Azərbaycan da, Ermənistan da davamlı şəkildə sülh müqaviləsi imzalamağa hazır olduğunu bildirib. Düzdür, Ermənistan dövləti nə qədər bu məsələni yubatmaq istəsə də, son vaxtlar Paşinyan həm ölkə daxilində, həm də beynəlxalq platformalarda Azərbaycanın təklif etdiyi prinsipial şərtlər daxilində sülh müqaviləsi imzalaya biləcəyini açıqlayıb.
- Ukrayna ilə müharibədən sonra Rusiya ilə Avropa İttifaqı arasında böyük qarşıdurma yarandı. Bu qarşıdurma Qarabağ məsələsinə transfer ola bilər?
- Belə bir şeyin baş verəcəyini gözləmirəm. Çünki Azərbyacanın ölkə başçısı idarəetmə baxımından unikal bir şəxsdir. Azərbaycanın bu kimi təlatümlərə tuş gəlməməsinin səbəbkarı Prezident İlham Əliyevdir. Əslində, Ukraynada baş verən müharibənin Azərbaycanda olması planlaşdırılırdı. Rusiya vaxtaşırı şəkildə öz gücünü zəif dövlətlər üzərində göstərməyə ehtiyac duyur. Amma Rusiya 44 günlük müharibədə Ermənistanla birgə məğlub olmuş dövlətdir. Çünki Ermənistan bu illər ərzində Rusiya tərəfindən silahlandırılıb. Bizim qarşımıza çıxan Rusiyanın gücü idi və biz onu darmadağın etdik. Ona görə də Rusiya belə bir şeyə cəsarət edə bilməz.