“Bu gün ölkəmizdə idman növlərinin inkişaf etdirilməsi və kütləviləşməsi baxımından təkcə peşəkarlar arasında deyil, eyni zamanda da həvəsklarlar arasında müxtəlif istiqamətdə işlər görülür”. Bu sözləri SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Velosiped Federasiyası Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə paytaxda ilk velosiped zolağını istifadəyə verdi: “Bu hadisədən sonra şəhərdə velosipeddən istifadə edən şəxslərin sayı xeyli artdı. Bu ilin sonuna kimi və növbəti illərdə velosiped yolları mərkəzin əksər küçələrində vətəndaşlarımızın çoxluq təşkil etdiyi küçələrdə üstünlük təşkil edəcək. Eyni zamanda Velospied Federasiyasının bölgələrdə dayaq nöqtələrinin təmsilçilərinin yaradıldığını görürük. Burada texniki ləvazimatlar, mütəxəssilərin cəlb olunması, bölgələrimizdə bu idman növü ilə məşğul olanların sayının artırılması, Velosiped Federasiyasının yeni loqosunun tətbiq edilməsi ümumi görülən işlərin məcmusu kimi qiymətləndirilə bilər.
Bildiyiniz kimi bu il cənab Prezident İlham Əliyev tərəfindən “Şuşa ili” elan edilib. Bununla bağlı velosipedçilərimizin maraqlı lahiyələri nəzərdə tutulur. Şuşa şəhərində marşurutların müəyyən edilməsi ilə əlaqədar olaraq Volesiped Federasiyasının nümayəndələri ezam olunub. Ulu öndər Heydər Əliyevin may ayında 99-cu ildönümü ilə əlaqədar olaraq müxtəlif lahiyələr də nəzərdə tutulur. Onu da vurğulamaq lazımdır ki, velosiped idman növü təkcə peşəkarlar arasında deyil, həmçinin fiziki məhdudiyyəti olan şəxslər arasında müxtəlif layihələrin həyata keçirilməsi nəzərdə tutulur. “Dünya Autizm Günü” ilə əlaqədar olaraq Velosiped Federasiyası da autizimli uşaqlara dəstək kampaniyasına qoşularaq öz dəstəyini verəcək. Velosiped Federasiyası hər zaman gender bərabərliyini qoruyaraq, bütün yaş dövrlərini əhatə edərək fəaliyyət göstərir”.