Şri-Lankada iqtisadi böhran səbəbindən ərzaq qiymətlərinin artması, əsas ehtiyacların ödənilə bilməməsi, yanacaq çatışmazlığı və elektrik enerjisinin kəsilməsinə qarşı etirazlar həftələrdir davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, dünən axşam saatlarında Rambukkana qəsəbəsində keçirilən nümayişlər zamanı polislə nümayişçilər arasında toqquşma baş verib.
Yerli mənbələrdən verilən açıqlamada polisin etirazçıları dağıtmaq üçün güllələrdən istifadə etməsi nəticəsində 1 nəfərin öldüyü, 2-nin vəziyyətinin ağır olduğu 12 nəfərin yaralandığı bildirilib.
Polis Nalin Talduva verdiyi açıqlamada, polisin nümayişçilərdən saatlarla bağladıqları dəmiryol xəttini tərk etmələrini istəməsindən sonra davanın başladığını söyləyib. Polisin vəziyyətə nəzarət etmək üçün nümayişçilərə atəş açdığını bildirən Talduva, polisə daş və müxtəlif əşyalar atan nümayişçiləri dağıtmaq üçün canlı güllə və gözyaşardıcı qazdan istifadə etdiklərini deyib. Talduva bildirib ki, hadisələr zamanı bir neçə polis məmuru yaralanıb və xəstəxanaya aparılıb.