BMT TŞ-nın verəcəyi qərarın heç bir əhəmiyyəti yoxdur - POLİTOLOQ AÇIQLADI

20 Aprel 2022 11:40 (UTC+04:00)

"BMT Təhlükəsizlik Şurasının keçirilən iclasında Rusiya-Ukrayna münaqişəsinin həll olunması istiqamətində nəyinsə gözlənilməsi bir qədər sadəlöhvlük olardı. Çünki burada tərəflərin maraqları müxtəlifdir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, Ukraynanı dəstəkləyən qüvvələr Rusiyanın əleyhinə qərar çıxartmaq istəyirlər: "Burada Rusiya ilə bərabər Çin də Təhlükəsizlik Şurasının daimi üzvüdür və onların "veto" qoymaq hüququ var. Təhlükəsizlik Şurasında hər hansı bir qərarın çıxacağı gözlənilmir. Ola bilər ki, danışıqların aparılması üçün müəyyən bir çərçivə sənədi hazırlansın. Düşünürəm ki, həmin sənədə uyğun olaraq bu məsələlər gündəmə gələ bilər. Amma Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqına üzvlüyə namizəd kimi Ukraynanın daxil edilməsi üçün sənəd göndərdi. Bu sənəd Rusiya tərəfindən çox mənfi qarşılanıb. Ona görə də, danışıqların baş tutacağı da artıq inadırıcı görünmür. Məhz həmin sənədin təqdim olunması məsələsi gündəmə gəldikdən sonra Rusiya artıq Ukraynanın cənubunda öz hücum taktikasını genişləndirib.

Vladimir Putin hazırda bütün kartları ortaya qoyub. Rusiya sanksiyalara qarşı çox ciddi şəkildə tədbirlər planı hazırlayır. Görünən odur ki, Rusiya İranın taleyini yaşaya bilər. Hazırda dünyanın özünə düzən vermək lazımdır. Çünki beynəlxalq təşkilatların fəaliyyətləri yarıtmazdır. BMT oyuncaq xarakterli bir vasitəyə çevrilib. Bu səbəbdən BMT Təhlükəsizlik Şurasının verəcəyi qərarın bir əhəmiyyəti yoxdur".

Arzu Qurbanzadə