Türkiyə Efiopiyaya 15 ton ərzaq yardımı göndərdi

19 Aprel 2022 21:46 (UTC+04:00)

Türkiyə Ramazan yardımları çərçivəsində Efiopiyada ehtiyacı olanlara 15 ton ərzaq yardımı paylayıb. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi – TİKA-nın Efiopiya üzrə proqram koordinatoru Cengiz Polat Efiopiyanın Oromiya əyalətində yardım fəaliyyətləri həyata keçirdiklərini söyləyərək deyib: “Paytaxt Əddis-Əbəbədən 125 kilometr uzaqlıqda yerləşən Dera adlı kiçik bir qəsəbədə ehtiyacı olan ailələrə un, düyü, günəbaxan yağı və xurmadan ibarət 15 ton ərzaq yardımı çatdırdıq.

Kimsəsiz Uşaqlara Baxım Mərkəzinə də baş çəkdik, çətin şəraitdə həyatda qalmaq üçün mübarizə aparan yetim uşaqlara müxtəlif hədiyyələr verdik, 1000 nəfərlik iftar süfrəsi açdıq”.