Çox xoşbəxtəm ki, görülən işlər bu sərgi ilə yekunlaşdı - DİREKTOR AÇIQLADI

19 Aprel 2022 19:20 (UTC+04:00)

"Bu gün mənim üçün çox önəmli olan “Bir taleli iki insan” sərgisini açdıq. Bu sərgi ilə əlaqədar bir ildən çoxdur ki, iş aparılırdı". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova bildirib.

Onun sözlərinə görə, görülən işlərin nəticəsi belə bir sərgi ilə yekunlaşdı və təqdim olunan əsərlər daha geniş auditoriyaya çatdırıldı: "Ola bilər ki, insanlar fikirləşsin - axı Yelena və Ucal Haqverdiyelərin sərgisi nə üçün Xalça Muzeyində açılır?
Onların hər ikisi çox gözəl insan və çox tanınmış rəssamlardır. Ucalı hamı böyük istedada malik rəngkar, monumentalist, incə rəsmlər yaradan qrafik, şair, həddindən artıq böyük sənətkar və şəxsiyyət kimi tanıyırdı. Yelena fərdi dəst-xətti ilə seçilən, öz estetikasını kəşf edən, çox istedadlı rəssamdır, daima əsərləri sərgilərdə nümayiş olunur. Lakin Milli Xalça Muzeyində siz bu rəssamları tamamilə ayrı, bizim spesifikamıza uyğun bir rakursdan görəcəksiniz və əminəm ki bir çoxunuz üçün bu sərgi gözlənilməz və yaddaqalan olacaq.

İlk növbədə vurğulamaq istəyirəm ki, bu, iki istedadlı insanın taleləri bir- birinə bərk, qırılmayan iplərlə bağlanıb. Bu bağlılığı onların bir-birlərinə və yaradıcılıqlarına olan böyük sevgiləri daha da möhkəmləndirib, ilhamlandırıb. Yegənə övladları Butunay da qeyri-adi istedada malik rəssam kimi böyümüşdür, hətta onun yaradıcılıq işi bizim daimi ekspozisiyamızda sərgilənir.
Yenidən sərgi haqqında danışarkən, qeyd etmək istəyirəm ki, mənim üçün Ucalın yaratdığı tikmələr, keramika və ağac üzərində işlərin peyda olması onu bir rəssam və şəxsiyyət kimi tamamilə yeni rakursdan açdı. Miniatür ölçülərdə, çox böyük zövqlə və bacarıqla işlənilən tikmələr onun obrazı ilə çətin uyğunlaşdırılır. Hündürboy, brutal, iri ölçülü tablolar, monumental rəngkarlıq əsərləri yaradan Ucal bu cür xırda, böyük əmək, vaxt və səbr tələb edən tikmələr də yaradırmış. Bu tikmələrdə Ucalın yaradıcılığında əksini tapmış bədii üslubları, böyük rəssamların təsirini, onun geniş dünyagörüşünü və dünyaya açıq gözlə, cəsarətlə, ürəklə baxmasını izləyirik.

Keramika və ağacdan işlənən əsərlərində siz çox maraqlı bədii axtarışları izləyəcəksiniz, burada özünüzü sanki arxeoloji artefaktları olan ekspozisiyada hiss edəcək, amma dəqiqliklə onlara baxdıqda Ucalın özünəməxsusluğunu seyr edəcəksiniz. Bu da böyük və əsl rəssama nəsib olan, yaradıcılıqla nəfəs alan şəxsiyyətə xas göstəricilərdir. Onun son, yekunlaşmamış pravoslav dini monumental freskalarından tutmuş, ajur, çox kiçik işlənən qrafikası ilə burada sərgilənən və ilk dəfə geniş auditoriyaya göstərilən dekorativ-tətbiqi sənət nümunələri arasında eyniliyi hiss edəcəksiniz. Bu cəhət sərginin təşkilində mənim üçün ən vacib məqamlardan idi.

Sərgidə Yelenanın yeni rəngkarlıq silsiləsini nümayiş etdirirk. Yelena söyləyir ki, xalça onun üçün ancaq utilitar əşya deyil, o qoruyucu funksiyaya malikdir. Xalça evi bəzəməklə yanaşı, həm də bədbəxtlikdən, bəd ruhlardan qoruyur. Yelenanı ilhamlandıran həm çox qiymətli XVI əsr Səfəvi saray xalçalarıdır, həm də müxtəlif tayfaların damğalı xalçaları, həm də bizim nəslimizdə çox müxtəlif assosiasiyalar yaradan sovet dövrünun maşın xalçaları...

Hər birinizi bu möhtəşəm sərgini görməyə, ondan zövq almağa dəvət edirəm. “Bir taleli iki insan” sərgisi iyunun 19-dək davam edəcək. Sərgi çərçivəsində ustad dərsləri, mühazirələr də keçiriləcək".

Banuçiçək Hüseynli