“12 aprel tarixində bu ilin birinci rübünun yekunlarına dair müşavirədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vurğuladı ki, hazırda Ermənistanın son şansları mövcuddur. Yəni bu son şansdan Ermənistan tərəfi yaralanmazsa, ağır vəziyyətə düşəcəklər”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Elşad Mirbəşiroğlu bildirib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi də Azərbaycanın yaratmış olduğu reallıqları görüb, dərk edir: “Sadəcə olaraq, Ermənistanda siyasi qüvvələr Paşinyanın Azərbaycanla sülh sazişi imzalamaqdan başqa yolu olmadığını görür və bilirlər ki, Paşinyan Azərbaycanla sülh sazişini imzalayacaq. Ona görə də, Ermənistandakı qüvvələr revanşist mövqe tuturlar və Paşinyan sülh sazişini imzalayacağı təqdirdə, onu xəyanətdə ittiham edərək, hakimiyyətə gəlmək üçün cəhdlər edəcəklər. Ermənistan dövlətinin daxilində bu cür qüvvələrin olması Azərbaycanın mövqelərinə zərrə qədər də təsir göstərə bilməz. Hesab edirəm ki, bütün proseslər ancaq daxili auditoriya üçündür və hakimiyyət iddiaları kontekstində baş verir. Paşinyan Azərbaycanın iradəsini qəbul etmək məcburiyyətində qalaraq parlamentin iclaslarında da artıq etiraf edir ki, sülh sazişi imzalamaq lazımdır və başqa yol yoxdur. O açıqlamalarında 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsini xalqına xatırladaraq bildirmək istəyir ki, sülh sazişi bağlanmazsa Ermənistanın vəziyyəti daha ağır olacaq. Həmçinin, Qarabağın azərbaycana aid oldugunu səsləndiri. Paşinyan proseslərin içində olan biri kimi aydın şəkildə dərk edir ki, Ermənistanın bundan sonra manevra imkanları mövcud deyil. Ona görə də daha ağır vəziyyətə düşməmək üçün Azərbaycanla sülh sazişi imzalamağın mühüm olduğunu anlayır”.