Üçtərəfli bəyanatların kimin iştirakı ilə icra etdirilməsi əsas deyil - ŞƏRH EDİLDİ

19 Aprel 2022 14:39 (UTC+04:00)

"Paşinyan bu gün Rusiyaya səfər edir. Düşünürəm ki, səfərin əsas məqsədi Azərbaycanın iştirakı ilə imzalanmış üçtərəfli bəyanatların icrası məsələsinin müzakirəsi olacaq". Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, rəsmi Moskva görür ki, Avropa İttifaqı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində etdiyi səyləri müsbət nəticələr verir: "Avropa İttifaqının iştirakı ilə məslələrin həll edilməsi Rusiyanın kənarda qalmasına gətirib çıxarması deməkdir".

Deputat sözlərinə belə davam edib: "Ona görə də Paşinyanı Moskavaya çağırmaqla Rusiya çalışacaq ki, daha aktivlik nümayiş etdirərək yarımçıq qalmış məsələləri özünün iştirakı ilə həll etsin. Azərbaycan üçün üçtərəfli bəyanatların kimin iştirakı ilə icra etdirilməsi əsas deyil. Bizim üçün əsas vacib məsələ 10 noyabrda və sonradan imzalanmış üçtərəfli bəyanatların bütün maddələri icra olunmasıdır. Avropa İttifaqı ilə Rusiyanın arasında üçtərəfli bəyanatların icrasının tezləşdirilməsi istiqamətində rəqabətin yaranması həllini gözləyən məsələlərin həllinin sürətlənməsinə yol açacağını hesab edirəm".

Ayşən Vəli