“Dünya Azərbaycanlılarının V qurultayının Şuşa şəhərində keçirilməsi böyük tarixi və qürurverici hadisədir. Və hansı ölkədə yaşamasından asılı olmayaraq bu qurultaya təşrif buyuracaq hər bir azərbaycanlı qədim yurd yerimiz, Qarabağın tacı olan Şuşanı 30 ildən sonra görmək xoşbəxtliyini yaşayacaq. Və Şuşa Dünya Azərbaycanlılarının V qurultayına ev sahibliyi etməklə tarixi Zəfərimizin reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasına öz töhfələrini verəcək”. Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov SİA-ya açıqlamasında bildirib.
Məşhur Məmmədov vurğulayıb ki, 18 ildən artıq dövr Azərbaycanın bütün sahələrdə, o cümlədən diaspor quruculuğu istiqamətində mühüm uğurlu addımlarla yadda qalıb: "2001-ci ildən etibarən hər beş ildən bir dünya azərbaycanlılarının qurultayları keçirilir və ötən dövrün hesabatı verilir və qarşıdakı illərin prioritetləri açıqlanır. Bu gün "Şuşa İli"ndə mədəniyyət paytaxtımız Şuşada keçiriləcək Dünya Azərbaycanlıların V qurultayı tarixi Zəfərimizdə görülən işlərin, qazanılan uğurların təqdimatıdır. Artıq ötən qurultaylardan fərqli olaraq tədbirin keçirildiyi məkan da, dövlət başçısı İlham Əliyevin proqram xarakterli çıxışında səsləndiriləcək çağırışlar da fərqli olacaq. Bu dəfə Dünya azərbaycanlıları Qarbağın tacı, musiqi beşiyimiz, Azərbaycanın, Türk dünyasının mədəniyyət paytaxtı elan edilən Şuşada bir araya gələcək”.
“Dünya azərbaycanlılarının təşkilatlanmasında, diaspor quruculuğunda ümummilli lider Heydər Əliyev mühüm addımlar atıb”,- deyən millət vəkili onu da vurğulayıb ki, Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilib. Bundan sonra qurultayların keçirilməsi ənənə halını alıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu keçərək dünyada öz sözü və yeri olan dövlətə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu keçərək dünyada öz sözü və yeri olan dövlətə çevrilib. Bu, xaricdə yaşayan soydaşlarımıza əlavə güc verir, uğurlarımızı daha da möhkəmləndirmək naminə səyləri artırmağa sövq edir. Xüsusən, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdə, Qarabağın işğaldan azad edilməsində milli birliyimizin və həmrəyliyimizin rolu danılmazdır. Bu baxımdan, Dünya Azərbaycanlılarının V Qurultayının azad olunmuş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq dövrünə təsadüfi etməsi, xüsusən, Azərbaycanın mədəniyyət paytaxtı hesab olunan Şuşada keçirilməsi barədə qərarın tarixi əhəmiyyəti və rəmzi mənası var. Bir sözlə, Zəfər qurultayında hansı ölkədə yaşamasından asılı olmayaraq bu qurultaya təşrif buyuracaq hər bir azərbaycanlı qədim yurd yerimiz, Qarabağın tacı olan Şuşanı 30 ildən sonra görmək xoşbəxtliyini yaşayacaq. Bu, Qalib Sərkərdə, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətinin, liderliyinin, milli maraqlarımızı qətiyyətlə müdafiə etməsinin, düşünülmüş və qətiyyətli siyasətinin nəticəsidir”.
Rəfiqə HÜSEYNOVA