Daşkənddə “Kitab həftəsi”...

19 Aprel 2022 03:34 (UTC+04:00)

Daşkənddəki “Turan” Kitabxana-İnformasiya Mərkəzində “Kitab həftə”si keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, “Kitab həftəsi”ndə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) də iştirak edib.

Azərbaycan üçün ayrılmış guşədə ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, Heydər Əliyev Fondu tərəfindən “Qarabağ həqiqətləri” seriyasından rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər nümayiş etdirilib.

Nəşrlər arasında AMM-nin özbək dilində çap etdirdiyi böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si, İmadəddin Nəsiminin “Cananı sevərmən”, “Azərbaycanca-özbəkcə, özbəkcə-Azərbaycanca lüğət” kitabları, Azərbaycan-Özbəkistan ədəbi əlaqələri mövzusunda əsərlər və digər nəşrlər olub.

AMM-nin naxıştikmə və rəsm dərnəyi üzvlərinin əl işləri və suvenirlər də maraqla qarşılanıb.

Kitabxana-İnformasiya Mərkəzinin direktoru Dildora Abdurazzakova tədbiri açaraq kitabın həyatımızdakı rolundan danışıb, gənclərə kitab oxumağı məsləhət görüb.

Sonra AMM-nin “Azərbaycan qızları” uşaq rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.