Azərbaycan diaspor təşkilatlarının fəaliyyəti yeni reallıqlarda uğurla inkişaf edir - DEPUTAT AÇIQLADI

18 Aprel 2022 16:16 (UTC+04:00)

"Bu il Şuşa şəhərində baş tutacaq Dünya Azərbaycanlılarının V Qurultayı​ xüsusi önəm daşıyır və olduqca qürurvericidir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.

Onun sözlərinə görə, tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir:​ "Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun​ işğaldan azad etdiyi torpaqlarda​ diaspor nümayəndələrinin görüşməsi, müzakirələr aparması​ Qarabağ həqiqətlərinin dünyaya çatdırılması işində olduğu kimi, bərpa-quruculuq işlərinə də öz töhfəsini verəcək.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xarici ölkələrdə yaşayan soydaşlarımızla əlaqələr xeyli genişlənib və diasporla iş dövlət siyasətinə çevrilib. Azərbaycanda diaspor quruculuğu sahəsinə hələ ümumilli lider Heydər Əliyevin dövründə və onun rəhbərliyi altında başlanılıb. Heydər Əliyevin başçılığı ilə 1999-cu ilin dekabr ayında dünya azərbaycanlılarının I qurultayı keçirilib, 2002-ci ildə isə Azərbaycana diaspor siyasətini koordinasiya etmək məqsədi ilə diasporla iş üzrə dövlət komitəsi yaradılıb. Azərbaycanda 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi gününün bayram kimi qeyd olunması ümumi milli diasporun formalaşmasında, Azərbaycan lobbisinin inkişafında başlıca məqamlardan biri​ olmuşdur".​

S.Mikayılova qeyd edib ki, ötən illər ərzində Azərbaycan diaspor təşkilatları ciddi inkişaf yolu keçib: "Prezident İlham Əliyev Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında Fərman imzalayıb.​

Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində dünya azərbaycanlılarının konsolidasiyasında diasporanın təşkilatlanması iqtiqamətində yeni mərhələnin başlanğıcı qoyulub, azərbaycançılıq həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideyaya çevrilib. Qazanılmış nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə zəmin olub".

Deputat həmçinin vurğulayıb ki, son dövrlər Azərbaycan diaspor təşkilatları​ uğurla inkişaf edir, koordinasiya mərkəzləri yaradılır: "Tarixi qələbə qazandığımız İkinci Qarabağ müharibəsində də diasporumuzın uğurlu fəaliyyəti Azərbaycanın haqq savaşına öz töhfəsini verdi. Həm lobbiçilik, həm diaspor istiqamətində atılan addımlar ikinci Qarabağ müharibəsində Azərbaycan diasporunun bütün nümayəndələri Ali Baş Komandanın ətrafında "dəmir yumruq" kimi birləşməyi bacardı.

Bu dövrdə diaspor nümayəndələri dünyanın 30-dan çox olkəsində 200-dək aksiya keçirdi və Azərbaycanın haqq səsini dünyaya çatdırmağa çalışdı. Bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımız və dost xalqların nümayəndələri iştirak edib.

50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı tərəfindən müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlara bəyanatlar, müraciətlər göndərilib. Bu da onu göstərir ki, Azərbaycan diasporu​ milli maraqlar​ üçün əlindən gələni etməyə hazırdır. Diaspor təşkilatlarının səmərəli fəaliyyət göstərməsi üçün görülən tədbirlər xaricdə yaşayan soydaşlarımız arasında milli maraqlara, Azərbaycanın nüfuzunun artmasına xidmət göstərmək istəyini motivasiya edib və hər kəsin vahid məqsədlər üçün bir mövqedə birləşməsinə stimul verib".