Dünənimizdən gələcəyə ötürülən estafet TƏHLİL

18 Aprel 2022 16:00 (UTC+04:00)

Unutmayaq ki, unudularıq…

Bir əsrdən artıq milli kino sənəti tarixinə, peşəkar teatra sahib olan bir xalqın yaratdığı sənət irsi onun keçmişi, dünəni və bu günü ilə bağlıdır. Azərbaycan xalqının peşəkar sənətini yaradan və yaşadan böyük sənətkarlar məktəbi olmuşdur. Aktyor, rejissor, ssenarist və bəstəkar komponentlərindən gözəl filmlərimiz, tamaşalarımız ərsəyə gəlmişdir.
Fəxrlə qeyd edək ki, Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra - 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı "Bibiheybətdə neft fontanı yanğını", "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi", "Qafqaz rəqsi" xronikal sənədli və "İlişdin" adlı bədii süjetlərini nümayiş etdirilməsi artıq sənət tariximizə yeni ştrixlər əlavə etdi. Bu, o demək idi ki, Azərbaycan milli kino sənəti öz bünövrəsin qoymuşdur. Həmin zamandan milli kino sənəti tariximizə bir-birindən maraqlı ssenariləri ilə diqqət çəkən filmlər daxil oldu. "Arşın mal alan", "Şərikli çörək", "Ad günü", "İstintaq", "Yaramaz" , "Ögey ana", "Uzaq sahillərdə", "Bizim Cəbiş müəllim", "Axırıncı aşırım", "Nəsimi", "Özgə vaxt", "Sarı gəlin", "Ovsunçu", "Buta", "Çölçü" və digərləri istehsal olundu. Bu filmlər də bir çoxu beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.
Adlarını qeyd etdiyimiz və etmədiyimiz filmlərin yaradılmasında böyük əməyi olanlar oldu. Bu filmlərimiz ərsəyə gələnə qədər neçə-neçə ömürdən pay aldı. Gecəli-gündüzlü böyük, ustad sənətkarlar yorulmadan çalışdılar. Yağışda, qarda, dumanda-çiskində çəkilən filmlərin yaradıcı heyəti öz ömürlərinin içində neçə-neçə qəhrəman, igid insanların həyatını yaşadılar. Ömürlər ömürlərə calandı. Müdriklərdən biri gözəl demişdir: "Ən uzun həyat zəngin yaşanmış həyatdır. Ömrü vaxt ilə deyil, əməllərlə ölçmək lazımdır".
Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb. Azərbaycan kino sənətini yaşadan və onu zənginləşdirən filmlərimizin baş qəhrəmanlarının sənət yoluna nəzər saldıqda bu işıqlı yol aydın görünür. Sanki bir-birindən istedadlı, böyük sənətkarlar filmlərdə yaratdıqları obrazlari ilə isimləri qarşısına yaratdıqları qəhrəmanlarının adlarını həkk ediblər. Ələsgər Ələkbərov, Mehdi Məmmədov, Barat Şəkinskaya, Məmmədrza Şeyxzamanov, Hacıbaba Bağırov, Ələddin Abbasov, Leyla Bədirbəyli, Münəvvər Kərəntərli, Rasim Balayev, Nəsibə Zeynaloava, Səyavuş Aslan və adları sadalandıqca bitməyən sənət fədailəri. Sanki hər biri həm səs, həm görkəm, yaraşıq və gözəllik, həm də səhnə mədəniyyəti ilə Azərbaycan sənəti üçün doğulmuşdular. Daxilən gələn ikinci səs bu insanların xarakterik obrazlar qalereyası yaratmalarına imkan vermişdi. Bir daxili tələb, istək idi onları bu yola gətirən. Təmənnasız yalnız və yalnız sənət üçün əmək sərf etmək yaradıcılıq meyarları idi. İstənilən bir aktyorun sənət bibloqrafiyasına nəzər salsaq böyük bir sənət ömrü ilə tanış olarıq. Bu sənətkarlar heç vaxt özündən razı olub, filan obrazı mükəmməl yaratdım deməyiblər. Belə sənətkarlar xalqın qəlbində, sənət tarixində əbədi yuva qurublar.

SƏNƏTDƏ YENİ İMZALAR, YENİ NƏFƏSLƏR

Əlbəttə ki, həyat dayanmır, hərəkətdə və inkişafdadır. Odur ki, belə sənətkarların davamçılarını yetişməsi labüddür. Sənətə yeni imzalar, yeni nəfəslər cığır açdı. Yeni simalar baş rolları canlandırdılar. Sənət taleyi üzünə gülən də oldu, gülməyən də. Böyük sənətkarlar nəslindən estafeti alanlar üzərinə məsuliyyət düşürdü. Əlbəttə ki, müasir dövrümüzdə çəkilən filmlərin bir qismi mükəmməl hesab oluna bilər, amma əksər filmlərimiz sənət tariximizdə çox sönük görünür. Böyük sənətkarlarımızın çəkildiyi filmlərlə yeni yaranan filmlərin aktyor ansanblı diqqəti cəlb edir. Jest və mimikalar, aydın nitq, yaraşıqlı qamət, obrazı bütün tərəfləri ilə ifadə etməyə qadir olan istedad və s. Bu və ya digər məqamlar mükəmməl bir obrazı ortaya qoymuş olur. Əlbəttə, bu gün də çəkilən filmlərdə istedadlı aktyorlara rast gəlirik. Amma etiraf etmək yerinə düşər ki, tamaşaçı tələbini ödəmək baxımından nadir hallarda böyük bir ansanbla təsadüf olunur. Azərbaycan kinosunda daha tamaşaçının gündəlik aforizminə çevriləcək ekran əsərlərə rast gəlinir desək yalnışlığa yol verə bilərik. Bəlkə də ona görə ki, istedadlı aktyorları görmür, yaxud da görmək istəmirik. Ömrünü yaşamış və ahıl rolları yarada biləcək aktyorlara sənətimizin ehtiyacı yoxdurmu? Şübhəsiz ki, var. Film həyatımızın əksidir, həyatı hadisələrin güzgüsüdür. Bu həyatda isə hər yaşda olan insanlar var və ekranlaşdırılaraq filmlərimizə gətirilirlər. Yaratdıqları obrazları ilə ürəkləri fəth edən Valeh Kərimov, Ayşad Məmmədov kimi kinoaktyorlarımız var ki, onların potensialından istifadə edilə bilər. Həm aktyor kimi, həm də bu sahənin bilicisi olaraq. Özünəməxsus təbiəti ilə seçilən böyük sənətkarlar diqqətdən kənarda qalmamalıdır. İstedadsız insanlar (elə bütün sahələrə şamil olunur) hər şeyin bilicisi, xüsusi talant kimi özlərini təqdim etməyə yol tapa bilirlər, Amma zəhmətkeş və istedadlı insanlar hər zaman öz hörmətlərin qoruyub saxlamağı bacarıblar və alicənablıqları, təvazökarlıqları ilə seçiliblər.

ƏSL SƏNƏTKAR SÖZÜNƏ MƏNƏVİ EHTİYACIN YETİŞDİYİ MƏQAM

Mənəvi dəyərləri, əxlaqi, estetik gözəllikləri qorumaq üçün ayıq-sayıq olmalıyıq. Zövqlü tamaşaçının, minlərlə ziyalısı olan bu xalqın klassik sənət nümunələrinə böyük ehtiyacı var. Əlbəttə ki, gözəl filmləri yaradan aktyorların da özlərinə qarşı qayğı və diqqətə, mənəvi, maddi ehtiyacı var. Düzdür, Azərbaycan Prezident İlham Əliyev mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı davamlıdır. Kino sahəsində çalışan sənəkarların yubiley tədbirlərinin keçirilməsi, onlara Prezident təqadüdünün verilməsi, mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Amma onu da etiraf edək ki, əsrlər boyu qorunub-saxlanılan mədəni irsimiz, bu irsi yaradanlar lazımi bir şəkildə televiziya kanalları tərəfindən xalqa təqdim olunmur. Televiziya kanallarında daha çox istedadsız, sənətdə xidməti olmayanların təbliğatına üstünlük verilir. Hanı bizə ziyalı sözü deyə biləcək sənət xadimləri? O sözə ehtiyacımız var. Televiziya kanallarında, mətbuatda cəmiyyət arasında tanınmamış istedadı olmayan "sənət ustalarına" xüsusi yer verilir. Bütün bu və ya digər hallar Azərbaycan milli-mənəvi dəyərlərinə, kino sənətinə böyük zərbə endirir və yetişən nəslin şəxsiyyət, ziyalı kimi formalaşmasında öz izini salır.
Azərbaycanda dövlət xalqın milli-mənəvi dəyərlərinin, milli şüurunun, milli düşüncəsinin qorunması istiqamətində böyük işlər görür. Milli şüuru qorumaq, onu saflaşdırmaq hər kəsin məsuliyyətidir. Ekranlarımızda kino sənətində sözü, əməyi olan, bu sahənin təcrübəli insanlarına ehtiyac var və onlarla gözəl söhbətlər, gecələr təşkil olunmalıdır. Demokratik ölkədə azad söz, azad fikir formalaşıb. Amma bütün hərəkətlər müəyyən ölçü həddində olmalı, ən əsası isə milli-mənəvi dəyərlər qorunub-saxlanılmalıdır.

Nəzakət ƏLƏDDİNQIZI