BMT-nin qərarlarını Azərbaycan ordusu güc vasitəsilə həll etdi - ŞƏRH EDİLDİ

18 Aprel 2022 11:53 (UTC+04:00)

"Prezident İlham Əliyevin sədrliyi ilə 12 aprel tarixində keçirilmiş bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə ölkə başçısı haqlı olaraq qeyd etdi ki, postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, qarşımızda duran bütün vəzifələr icra edilib. İstər müharibə dövründə, istərsə də müharibədən sonra Ali Baş Komandan müharibənin əsl mahiyyətini, tarixi reallıqları dünya mətbuatı vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırırdı. Həqiqətən də bugünkü reallıqlar, qurulan əməkdaşlıqlar, ölkəmizlə tərəfdaşlığa can atan ölkələrin sayının günbəgün artması bir daha göstərdi ki, düzgün strateji hədəflərlə qurulmuş informasiya siyasəti öz nəticəsini verdi. Biz 90-cı illərdə sırf bu sahədə qeyri-peşəkarlığın, doğru qurulmayan əlaqələrin nəticəsində beynəlxalq aləmə fərqli təqdim olunduq. Həmin dövr erməni lobbisi informasiya siyasətindən məharətlə istifadə edib, öz istəklərinə nail oldular. Bu gün isə ölkə başçısı bütün cəbhələrdə fəallıq göstərərək bizə hərtərəfli qalibiyyət qazandırdı. Müharibə bitdikdən sonra ilk növbədə, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıqlara başlanıldı. Dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul etdilər, hansı ki, onların bəziləri müharibə dövründə və ondan əvvəl dövlətimizin lehinə danışmaqdan çəkinirdilər". Bu sözləri SİA-ya açıqlamasında deputat Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, 30 ilə yaxın bir müddətdə kağız üzərində qalmış BMT-nin qərarlarını Azərbaycan ordusu güc vasitəsilə həll etdi: "Şanlı Azərbaycan ordusu öz parlaq qələbəsilə BMT-nin də yükünü azaltmış oldu. Belə ki kağız üzərində qalmış olan qətnamə reallaşdı. Müharibədən sonra BMT-yə üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbirin Şuşa şəhərində keçirilməsi isə olduqca əlamətdar hadisə oldu. Bununla da sübut olundu ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan beynəlxalq təşkilatdır".

Deputat sözlərinə belə davam edib: "Beynəlxalq təşkilatlardan olan Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı dövlətimizin üzvlüyünü qəbul etdikləri ilk gündən daim ərazi bütövlüyümüzü dəstəkləyən açıqlamalar ediblər. Hər iki təşkilat istər işğal, istər müharibə, istərsə də postmüharibə dövründə dəfələrlə bu barədə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar qəbul ediblər".

Ayşən Vəli