"Sonuncu Brüssel görüşünün nəticələrinə uyğun olaraq Azərbaycan və Ermənistan arasında sülh sazişin hazırlanması, habelə, sərhədlərin delimitasiya və demarkasiyası prosesi istiqamətində işləmək üçün Xarici İşlər Nazirliklərinə tapşırıqlar verilib. Məlumdur ki, Azərbaycan zəfərdən dərhal sonra artıq sülh təklif edir. İrəvandan da son günlər nəhayət praqmatik bəyanatlara şahid oluruq. Xüsusən, Baş nazir Paşinyan və hakim partiyadan olan deputatların Parlamentdə ifadə etdikləri mövqe yekun sülh üçün ümidverici mənzərə yaradır". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, belə bir şəraitdə ATƏT-in Minsk qrupunun nəinki yenidən bərpası ümumiyyətlə bu struktur barədə müzakirələr belə region üçün təhlükə əxz edir: "Birincisi, ona görə ki Minsk qrupunun fəaliyyət hədəfi olan münaqişəni nizamlamaq vəzifəsinə artıq ehtiyac qalmayıb. Artıq münaqişə başa çatıb.
İkincisi, hazırda Minsk qrupu regionda hər hansı prosesi reallaşdıracaq nüfuza malik deyil. Çünki qrup 30 ilə yaxın bir dövrdə beynəlxalq hüquqa zidd formalaşmış sratus-kvonun qorunmasına xidmət edib. Qarşısına qoyulmuş məqsədlərə uyğun real nəticələrə malik olmayan bir qurum kimi bölgədə faktiki olaraq güvənilməyən və arzuedilməyən strukturdur".
Deputat sözlərinə belə davam edib: "Müharibə dövründə həmsədr dövlətlərin bəzilərinin tutduğu mövqe Minsk qrupunun qərəzsizliyini haqlı olaraq şübhə altına salıb.
Ən nəhayət, ötən ilin əvvəlindəki səfərləri zamanı onlara təklif edilən mina xəritələrinin və kütləvi məzarlıqlarının koordinatlarının verilməsi, minaların təmizlənməsi kimi humanitar missiyalar istiqamətində həmsədrlər faktiki olaraq maraqsız göründülər. Onların niyyətindən belə çıxır ki, biz həmsədrlər işsiz qalmasın deyə başa çatmış bir münaqişəni yenidən alovlandırmalıyıq ki, Minsk qrupu həll etsin?
Biz münaqişəni cənab İlham Əliyevin rəhbərliyi ilə həll etmişik, sülh sazişini də inanıram ki, imzalamaq üzrəyik. Üstəgəl bu nəticələrin əldə olunmasında həmsədrlərdən yalnız Rusiya fəallıq göstərib, o da həmsədr olaraq yox, tərəfdaşımız olaraq. Hətta, bir müddət əvvəl rəsmi Moskva bəyan etmişdi ki, ABŞ və Fransa Rusiya ilə kontaktları Minsk Qrupu çərçivəsində dayandırıblar.
Digər tərəfdən Avropa İttifaqı Şurası Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanması üzrə missiyanı uğurla yerinə yetirməkdədir. ATƏT-in Minsk qrupunun 30 illlik faydasız fəaliyyətindən fərqli olaraq Şarl Mişelin vasitəçiliyi ilə yaranan yeni formatda 4 ayda cəmi iki görüşdə artıq real nəticələr var.
Habelə, bu yaxınlarda ATƏT sədrinin Axərbaycana səfəri çərçivəsində Cənubi Qafqazda yeni reallığı qəbul etdiyini göstərməsi əslində Minsk qrupu üçün son idi. İndi belə bir şəraitdə fəaliyyətsiz, 30 il formal olaraq varlığını sürdürən bir qurumu dirçəltmək heç kimə fayda verməyəcək. Hətta, əgər əvvəlki dövrdə İrəvanın maraqlarına xidmət edirdisə, bu gün yeni reallıqda ATƏT-in Minsk qrupunun mövcudluğu heç Ermənistan üçün də əlverişli deyil".
Ayşən Vəli