Rusiya-Ermənistan rəhbərlərinin görüşü –aprelin 19-dan sonra nə gözlənilir? ANALİTİK+AKTUAL

18 Aprel 2022 09:07 (UTC+04:00)

Və ya Kreml iki seçimdən birini etməli və son qərarına gəlməlidir!

Məlum olduğu kimi, aprelin 19-da Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya rəsmi səfəri gözlənilir. Proseslərin dinamikliyinə nəzər yetirsək həm də belə bir ehtimal irəli sürmək olar ki, Kreml fəaliyyətini aktivləşdirmək üçün cəhdlər göstərəcək. Lakin əsas budur ki, həmin aktivliyin hansı məcraya doğru yönələcəyi anlaşılsın.

Artıq danılmaz faktdır ki, 44 günlük müharibənin nəticələrindən sonra Azərbaycanın regiondakı rolu və əhəmiyyəti daha da artıb. Ancaq etiraf edilməlidir ki, proseslər fərqli cəhətdən də inkişaf edir. Misal üçün, Moskva Minsk nəinki qrupu çərçivəsində, eləcə də Ukrayna böhranından sonra Paris və Vaşinqtondan qopub və adıçəkilən üçlük format sözün əsl mənasında canını tapşırıb.

Beləliklə, Rusiyanın regional dövlət olaraq Qarabağ mövzusunda, yəni üçtərəfli bəyanat(lar)ın realizə edilməsi proseslərində önə çıxması imkanı yaranıb. Düzdür, bu məsələdə Avropa İttifaqının də önə çıxdığını vurğulaya bilərik və son Brüssel görüşü də həmin məsələni ehtivam edir. Ancaq bu günün özündə də Kreml rıçaqlarını itirməməsi, Bakı ilə İrəvanın arasında yeganə vasitəçi rolunu oynaması və kənarda qalmaması üçün əlində olan bütün imkanlarından maksimum istifadə etməyə çalışır. Ən azından, bu gün Azərbaycanın Qarabağ regionunun ərazisində, daha dəqiq desək, erməni əhalisinin yaşadığı bölgələrdə müvəqqəti yerləşmiş Rusiya sülhməramlıları kontingentinin (RSK) fəaliyyəti həmin imkanlardan biridir. Düzdür, RSK bir sıra hallarda fəaliyyətinə məsuliyyətsiz yanaşır, hələ də qanunsuz erməni silahlıları və onların terrorçu liderləri ilə təmaslar qurur, separatçılarla necə deyərlər, canbir olduğunu nümayiş etdirir, amma fakt budur ki, onlar həmin ərazilərdə qalmaqdadırlar...

Rusiya bu imkanlardan doğru yöndə istifadə edə bilirmi?

Digər tərəfdən, üçtərəfli bəyanata əsasən, bugünkü Ermənistan ərazisindən keçməli olan nəqliyyat-kommunikasiya layihələri məsələsində də Rusiyanın müəyyən rolu mövcuddur, lakin uzanan proses göstərir ki, Moskva bu yükün altından ya çıxa bilmir, yaxud da pərdəarxası münasibətdə həmin prosesin gecikməsinə şərait yaradır. Halbuki, Rusiya regional əhəmiyyətini sübut etmək üçün post-münaqişə dövründə tamamilə fərqli mövqe nümayiş etdirə bilərdi və bu imkanı ona məhz Azərbaycan vermişdi. Ancaq gəlin görək, Rusiya bu imkanlardan doğru yöndə istifadə edə bilirmi? Onu da diqqətə alsaq ki, Azərbaycanla Rusiya arasında müttəfiqlik bəyannaməsi imzalanıb, bu zaman Rusiyanın atdığı hər addımında daha diqqətli olması zərurətə çevrilməli idi. Təəssüf ki, biz bu amilləri Moskvanın qeyri-səmimi davranışı fonunda hələ ki, müşahidə etmirik...

Və ən əsası, bu gün Rusiyanı narahat edən ən önəmli reallıq regionda Qərbin rolunun azalmasını istəyən Moskva Bakı ilə sıx münasibətlərdə olan Ankaranın da sürətlə artan rolundan qısqandığını gizlətmir.

Qərb yeni mərhələdə məhz Aİ-nin konsultativ və maliyyə dəstəyi timsalında regionumuza daxil olub

Belə olan halda ortadakı nəticə də belədir: 2020-ci ilin 10 noyabr üçtərəfli bəyanatından sonra, həmçinin 2021-ci il boyu, o cümlədən, 2022-ci ilin birinci rübü ərzində Rusiya özünün fəaliyyəti, yaxud fəaliyyətsizliyi ilə müharibədən qabaqkı yanaşma strategiyasını saxlayıb. Bizans siyasətinin “həm bizə, həm də sizə” vasitəsini əsas götürən Rusiyanın belə addım atması da söz yox ki, suallar doğurmaqla yanaşı, həm də bir çox hallarda qıcıq, hiddət yaradır.

Bəs nəticə nədir? Gündəlikdə olan heç bir məsələ (qanunsuz erməni silahlılarının Azərbaycan ərazisindən çıxarılması, dəhlizin açılması və s.) həll olunmayıb.

Eyni zamanda, gündəliyə Avropa İttifaqı qoşulub. Qərb bu yeni mərhələdə məhz Aİ-nin konsultativ və maliyyə dəstəyi timsalında regionumuza daxil olub. Üstəlik, Qərbin prosesə qoşulması həm də Ermənistanı qane edir.

Lavrovun Mirzoyanla görüşü zamanı “erməni maraqlarının qurban verilməsi” fikirlərini unutmamalıyıq!

Azərbaycan isə ona görə imtina etmədi ki, Bakının region üzrə özünün gündəmi mövcuddur və qarşıya qoyulan məqsədlərinə planlı şəkildə nail olur. Belə ki, Aİ öz neytrallığını qoruyur. Üstəlik, Fransa XİN-nin, ABŞ Dövlət Departamentinin və Rusiya XİN-nin informasiya relizləri nümayiş etdirir ki, ortada ciddi fikir ayrılıqları mövcuddur. Yeri gəlmişkən, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun erməni həmkarı Ararat Mirzoyanla görüşü zamanı birincinin açıq-aşkar ermənilərin mövqeyinə dolayı dəstək göstərməsi də diqqətdən yayınmadı. Misnk qrupunun fəaliyyətsizliyi barədə danışarkən o iddia etdi ki, üçlük formatın Fransadan və ABŞ-dan olan həmsədrləri ermənilərin maraqlarını qurban veriblərmiş (?!)

Əslində fakt budur ki, Minsk qrupu uzun illər münaqişənin həll olunması yönündəki fəaliyyətində sırf erməni mövqeyi nümayiş etdiriblər və bu gün post-münaqişə dövründə Aİ-nin gündəmə çıxmasından sonra Rusiyanın diplomatik idarəsinin rəhbəri “ermənilərinin maraqlarının qurban verilməsindən” dəm vurur (?!). Maraqlıdır, bəs son 28 ildə Azərbaycan xalqının maraqları haraya yazılmalıydı?!

Hazırda Rusiya RSK “soldatlarının” ayaqlarına geyindikləri “sapoqlara” güvənir, amma bu gün Ukraynadakı proseslər həmin “sapoqlu soldatların” heç də təsiretmə müxanizmi olmadığını sübuta yetirir.

İki seçim var!

Və beləliklə, 19 apreldə Moskvada Rusiya və Ermənistan rəhbərlərinin görüşləri gözlənilir və ortada Moskvanın yanaşmalar etməsi üçün bir neçə variantları mövcuddur.

1.Konstruktivlik xətti – təşəbbüsü bərpa edərək real işlərə başlamaq və Aİ-yə regional imkanların kimdə olduğunu sübut etmək. Yeri gəlmişkən, Lavrov Brüssel görüşü haqqında danışarkən orada Moskvanın rolu barədə fikrin səsləndirilməməsini iddia etməsi yanlış düşüncə tərzidir. Yəni Aİ Şurasınn prezidenti Şarl Mişel iki dəfə üçtərəfli bəyanata toxunub...

Beləliklə, nəqliyyat dəhlizinin başlanğıcı qoyula bilər və bunu hətta aprel ayının sonlarına qədər realizə etmək mümkündür, ardınca isə sülh danışıqlarına başlamaq. Bunlarla paralel olaraq RSK-nın müvəqqəti yerləşdikləri ərazilərdəki gərginliklərin azaldılması üçün delimitasiya proseslərinə başlamaq və onu təmin etmək. Bu da imkan verəcək ki, Rusiya bir sıra məsələlərdə və xüsusilə Qərb qarşısında öz konstruktivliyini nümayiş etdirsin.

2.Konfrontasiya xətti – Ermənistana hansısa silahların verilməsini vəd etmək, hətta qısa zamanda silahları göndərmək, Paşinyanın hökumətinə dəstək göstərmək, paralel olaraq Ermənistanın Rusiyayönlü müxalifətinə, həmçinin Qarabağdakı hərbi cinayətkarlara dəstək vədlərini vermək.

Məhz belə davranışda Rusiya ilk növbədə (!) uğursuzluqlarla qarşılaşa bilər. Daha dəqiq desək, belə olan vəziyyətdə onun qarşısında müttəfiqlikləri olan Azərbaycan və Türkiyə regional gücləri dayanacaq. Kreml vasitəçilik missiyasını tamamilə itirəcək.

Nəticədə biz aprelin 19-da məhz bu iki yanaşmadan, qərardan birinin şahidi olacağıq. Yəni müəyyən edə biləcəyik ki, Rusiyanın hərbi-siyasi təhbərliyi bundan sonra hansı xətti tutacaq. Gözləyək...

Rövşən RƏSULOV