"...Mariupoldakı nəhəng “Azovstal” polad zavodunu müdafiə edən Ukrayna qoşunları partizan taktikalarından, nüvə bunkerlərindən və tunellərindən istifadə edərək hələ uzun müddət dayana biləcəklər”.
SİA-nın əldə etdiyi məlumata görə, bunu BBC-yə müsahibəsində təhlükəsizlik konsaltinq şirkəti “Sibylline”nin hərbi eksperti Castin Krump deyib.
O, bildirib ki, ukraynalı müdafiəçilər həqiqətən də müdafiəyə çox yaxşı hazırlaşıblar, çünki onların ərazini möhkəmləndirmək, geri çəkilmə yollarını qurmaq üçün 50 gündən çox vaxtları olub. Bununla belə, Krump bəzi tərəddüdlərini də gizlətmir: “...Mən onların orada uzun müddət qala biləcəklərindən şübhələnirəm: onlar gecələr döyüşə çıxıb sonradan geri qayıdırlar. Bu əsgərlər əsir düşmək istəmirlər, onların asanlıqla təslim olacaqlarını da düşünmürəm. Rusiya isə bu ərazilərə, nədənsə, girmək istəmirlər. Yəqin onlar bunun təhlükəli olduğunu yaxşı başa düşürlər”.
Hərbi ekspertin sözlərinə görə, Ukrayna çox riskli gecə tapşırıqlarını yerinə yetirməklə Mariupolda mühasirəyə alınan döyüşçülərin qüvvələrini artıra bilib.
Bu arada Ukraynanın “UNİAN” saytı xəbər verir ki, aprelin 16-da Rusiya Müdafiə Nazirliyi Mariupol müdafiəçilərini ultimatum tonu ilə yenidən silahları yerə qoymağa çağırıb. Bunun üçün ruslar aprelin 17-si saat 06:00-dan etibarən istənilən döyüş əməliyyatlarını dayandırmağı tələb ediblər. Onlar silahını yerə qoyan hər kəsin guya həyatının qorunub saxlanmasına da zəmanət veriblər.
Rusiyanın planına görə, tərəflər arasında sükut rejiminin başlanğıcı “Azovstal” zavodunun bütün perimetri ətrafında bayraqların qaldırılması ilə əlamətdar olacaq: yəni Rusiya tərəfdən - qırmızı, Ukrayna tərəfindən isə - ağ bayraq qaldıracaq.
Qeyd edək ki, aprelin 17-də rus işğalçıları “təslim olmaq üçün dəhliz ayrıldığını” da elan etmişdilər, lakin Ukrayna hərbçiləri hələ də şəhəri müdafiə etməyə davam edirlər. Onu da bildirək ki, rusların hərbi əməliyyatların yerinin yalnız “Azovstal” metallurgiya zavodu ilə məhdudlaşdığını göstərmək cəhdləri reallığa uyğun deyil.
Belə ki, bundan bir qədər əvvəl Mariupolun digər nöqtəsindəki müdafiəçilərindən biri rusların ultimatumuna cavab olaraq “The Time” qəzetinin müxbirinə mühasirəyə düşmələrinə və düşmənin davamlı atəşlərinə baxmayaraq, şəhəri təslim etməyəcəklərini bildirmişdi.
Ağasəf Babayev