Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb. SİA-nın xəbərinə görə, teatrın 2022-ci ilin ikinci rübü üçün təsdiq edilmiş repertuar planına uyğun olaraq, İlqar Fəhminin “Şahnamə” dördhissəli tarixi-psixoloji dramı əsasında eyniadlı tamaşanın ilk məşqlərinə aprelin birinci ongünlüyündə start verilib. Hazırda isə əsərin səhnə həlli ilə bağlı yaradıcı heyətlə müzakirələr davam etdirilir.
Səfəvi hökmdarı Şah Abbasın həyat və fəaliyyətinin müxtəlif məqamlarını canlandıran tamaşanın quruluşçu rejissoru Tərlan Abdullayev, quruluşçu rəssamı Tərlan Sadıxov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Yeni səhnə əsərində Şah Abbas rolunun ifası aktyor Əbülfəz Axundova həvalə olunub.
Digər rollar üzərində xalq artisti Qabil Quliyev, əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Əlibala Əsgərov, Miraslan Ağayev, Allahverən Babayev, Səyad Əliyev, Emil Rzayev və Rauf Zeynalov çalışırlar.
Quruluşçu rejissor T.Abdullayevin sözlərinə görə, tamaşanın premyerası may ayının axırları üçün nəzərdə tutulub.
Sərraf Talıbov