“ATƏT-in Minsk Qrupu 1992-ci ildə Azərbaycan və Ermənistan arasında olan Dağlıq Qarabağ probleminin həll edilməsi üçün yaradılmışdı. Bu problemin həlli üçün konfransın keçiriləcəyi yer Minsk şəhəri müəyyənləşmişdi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, amma 30 il ərzində bu qrup sadəcə tərəfləri görüşünü təşkil etməkdən başqa hər hansı bir fəaliyyət göstərmədi: “Baxmayaraq ki, qrupun 3 həmsədri BMT-nin Təhlükəsizlik Şurasının 5 daimi üzvündən əksəriyyətidir. Ancaq bununla belə həmin ölkələrdən diplomatik gedişlərdən başqa hər hansı bir fəaliyyət olmadı. Buna görə də cənab Prezident bu problemi ancaq Azərbaycanın özünün həll edəcəyi barəsində bəyanatlar verdi və 2020-ci ildə 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad edildi.
Doğrudur, sonradan Minsk Qrupunu reanimasiya etmək, ermənilərin geniş sürətdə Dağlıq Qarabağ problemini yaşatmağa cəhd etsələr də, Azərbaycan artıq Minsk Qrupunun bu problemin həllində heç bir rolunun olmadığını elan etdi. Bununla belə əgər, Minsk Qrupu istəsəydi, Azərbaycan ilə Ermənistan arasında mehriban qonşuluq münasibətlərinin yaranmasına öz töhfələrini verərdi. Azərbaycan Minsk Qrupunun fəaliyyətini bunda görürdü. Ancaq faktiki olaraq ATƏT-in Minsk Qrupu fəaliyyət göstərmir. Azərbaycan problemi özü həll edib. Ermənistan Azərbaycanın 5 prinsipini qəbul edib. Ümid edirik ki, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi tezliklə bağlanacaq”.