Bu dəqiqə, Ermənistanda aləm bir-birinə qarışıb. (...bizlərdə adətən belə yerdə “it yiyəsini tanımır” deyirlər. Amma burada məsələ bir az fərqlidir, yəni itlə yiyəsi, bunların hansının günahkar olmasl məsələsində tərəddüdsüz keçinmək olmur-A.B.). Ermənistandakı vəziyyəti deyirdim axı, hazırda rus təmsilçisi Krılovun sazəndələri kimi ermənilərin hərəsi bir tərəfə çəkir...
Budur, Ermənistanın lazım olmayan yerlərə burnununa görə, işindən qovulan keçmiş ombudsmanı Arman Tatoyan Ermənistan və artsaxın ziyanına hərəkət edən bütün erməni səlahiyyətlilərinin məsuliyyətə cəlb edilməsini tələb edir. Hökumət başçısından tutmuş onun ətrafındakı kiçik məmurlara qədər...hamısını.
Tatoyana görə onlar “vətən xainləridirlər”. Çünki onlar... ərazi səlahiyyətlərini Azərbaycana verilməsi hesabına ermənilərin hüquqlarını pozublar. Armana görə, Ermənistan “dünya demokratiyasının beşiyi” olmasına baxmayaraq, Avropa İttifaqı Şurası bu “beşiyə qarşı haqsızlıq” edib. Amma Avropa bilməlidir ki, bu “qeyri-qanunidir” və heç bir “hüquqi qüvvəyə” malik ola bilməz... Təbii ki, təzibolunmaz faktdır: ermənilər hər şeydə ancaq özlərini haqlı görürlər.
Bəh-bəh-bəh...budur, meydana Eduard Şarmazanov gəlir. Özü də ...necə? Deyir ölərik, amma vermərik. Diqqət yetirirsiniz, ölərəm demir, ölərik deyir. “Vətənpərvər” olanda da bax, beləsindən olasan. Serjikin (Sarkisyanın) məktəbindən keçdiyi o dəqiqə sezilir. Deməli, bu dəfə Şarmazanov “artsax parlamenti” fraksiyasının bütün deputatlarının (?) Ermənistan Respublikasının hazırkı hökumətinin anti-dövlət siyasətinə etiraz ifadə etmələrini istəyir. Sonradan bunun nə ilə sonunlacağını Eduarddan soruşan gərək,..görən qanırmı?
...Belə görünür ki, ermənilərin “erməni seli” kimi təqdim etdikləri “axar”ın qabaqda gətirdiyi çör-çöpün davamı da deyəsən elə çör-çöp olacaq. Cünki özünü növbəti olaraq meydana yetirənin Robertin (Koçaryanın) “sırığlısından” çıxanlardan olduğu o dəqiqə bəlli olur. Belə ki, özünü yetirər-yetirməz “tezliklə başlayacağıq” deyib “xox” gəlməsindən onun “Hayastan” blokundan olduğu açıq sezilir. Deməli, bu dəfə “Hayastan”ın qabağa itələdiyi deputat Armenuhi Kyuregyanın “xox”u kimə gəldiyi hələ ki, bəlli deyil.
“...başlayacağımız.., bir neçə günün məsələsidir. Vəzifəmiz ölkəni xilas etməkdir, qarşımızda dilemma var: ya dövlətçiliyi qoruyub saxlayacağıq, ya da onu itirəcəyik. Biz dövlətçilik uğrunda mübarizə aparmalıyıq. Bu, dövlətçiliyi şərtləndirir. Ermənistan-artsax-Diaspor üçlüyü, minus bir konsensus yaratmaq lazımdır - minus Paşinyan və onun komandası. Biz dövlətçilik haqqında düşünən bütün digər qüvvələrlə bir yerdə olacağıq” deyən erməni qadın ilk növbədə hakimiyyət dəyişikliyinə nail olacaqlarına ümid edir.
Hə, indi “xox”un kimə gəldiyi bəlli oldu...
Təbii ki, “dünya demokratiyasının beşiyi” olan Ermənistanda bu, yəni hakimiyyət uğrunda “cəngə” qalxmaq birinci hal kimi qəbul edilməməlidir. Belə ki, bununla bağlı xeyli nümunə də göstərmək olar, amma...
Yəqin o vaxt Ermənistanda lider olmaq arzusu gözündə qalan Robert Koçaryan, indiki məqmdan ətrafındakıların köməyi ilə yararlanmaq istəyəcək.
Deyim ki, bu gün Ermənistanda itin yiyəsini tanımadığı barədə yuxarıda xəbərdarlıq etmişdim...ona görə də, Koçaryan kimilər üçün əla məqmdır...
Ağasəf Babayev