Ölkəmizdə fikir, söz və məlumat azadlığına xüsusi önəm verilir – TƏHLİL

15 Aprel 2022 17:40 (UTC+04:00)

Fikir, söz və məlumat azadlığı demokratiyanın ən əsas göstəricilərindəndir və məhz bu səbəbdən cəmiyyətin formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, hər bir cəmiyyətdə, hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyi və demokratik təsisatların nə dərəcədə uğurla işlədiyi məhz həmin cəmiyyətdə, həmin ölkədə söz, fikir və ifadə azadlığının təminatı ilə üst-üstə düşür. Eyni zamanda, azad mühitdə sərbəst şəkildə fikir ifadə edilməsi, sərbəst düşüncənin izhar edilməsi üçün hüquqi bazanın olması və bu hüquqlarla təmin edilmə həm də kütləvi informasiya vasitələrinin, eləcə də müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər hesab olunur. Təbii ki, bütün bunlar nəzərə alınaraq Azərbaycanda söz və fikir azadlığı təmin edilir, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılır.

Ümumiyyətlə, bəşəriyyət əsrlər boyu insan azadlığı uğrunda mübarizə aparıb və hər bir cəmiyyət azadlıq arzusunda olub. Çünki, hər bir cəmiyyət insan azadlığını ən ali dəyər hesab edib. Ölkəmizdə də insan azadlığına xüsusi önəm verilir və cəmiyyətimizin azad cəmiyyətlər sırasında olduğu günümüzün reallığıdır. İnsan azadlığının, söz, fikir və məlumat azadlığının təminatında azad mətbuatın, kütləvi informasiya vasitələrinin rolu danılmazdır, çünki kütləvi informasiya vasitələri, informasiyanın müntəzəm, davamlı formada yayıldığı bütün vasitələr azad cəmiyyətin inkişafına əhəmiyyətli təsir imkanlarına malikdirlər. Məhz informasiyanın yayıldığı bütün vasitələr ictimai fikri formalaşdırmaqla dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab olunur. Elə bu baxımdan da ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı prioritet hesab olunur və bu istiqamətdə, yəni həmin sahənin daha da inkişafı istiqamətində bütün zəruri, təxirəsalınmaz tədbirlər davam etdirilir.

Azad söz, ifadə, fikir və məlumat azadlığının təminatında xüsusi rolu olan mətbuatımızın nə qədər keşməkeşli yollar keçdiyi bəllidir. Hazırda mətbuatımızın inkişafı təbii ki, onun zəngin keçmişi ilə bilavasitə əlaqədardır və “Əkinçi” qəzeti ilə əsası qoyulan mətbuatımızın müasir inkişaf yolu keçməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri danılmazdır. Məhz Ulu Öndərin mətbuat azadlığının təmin edilməsində tarixi rolu inkar edilə bilməz. Bilirik ki, mətbuatımızın əsası “Əkinçi” qəzeti ilə qoyulsa da, daha sonra Sovet imperiyasının təsiri altında heç də müstəqil ola bilməyib və müstəqilliyimizin bərpası ilə mətbuat azadlığı da, söz, fikir və məlumat azadlığı da təmin edilib ki, məhz bu istiqamətdə Ümummilli Liderin danılmaz, əvəzolunmaz xidmətləri olub. Ulu Öndər Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəməyib və bununla da mətbuatımız yeni mərhələyə qədəm qoyub, müstəqil olub və söz, fikir, ifadə, eləcə də məlumat azadlığı bununla təmin edilib. Azərbaycanda azad medianın inkişafı ilə bağlı çox mühüm qərarların qəbul edilməsi, verilən sərəncamlar, fərmanlar, azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlərin, o cümlədən, senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi, müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onlar üçün güzəştlərin müəyyənləşdirilməsi Ümummilli Lider Heydər Əliyevin azad sözə önəm verdiyini və onun daşıyıcılarına yüksək münasibətini təsdiqləyir. Ulu Öndərin rəhbərliyi ilə ölkədə medianın fəaliyyətinin tənzimlənməsi və media sahəsində mükəmməl qanunvericilik bazasına nail olmaq üçün bir sıra addımların atılması təsdiq edir ki, söz, fikir və məlumat azadlığına ilk əvvəldən xüsusi önəm verilib. "Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" 1998-ci il avqustun 6-da Ulu Öndər tərəfindən imzalanan fərman, eləcə də senzuranın ləğv edilməsi bu istiqamətdə atılan ən böyük addım hesab olunur ki, bu da ölkəmizdə azad cəmiyyətin çoxdan qurulduğundan xəbər verir.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan söz, fikir, ifadə, məlumat və mətbuat azadlığının qorunması ölkəmizdə hal-hazırda cənab Prezident İlham Əliyev tərəfindən təmin edilir və ölkə başçısının daim diqqət mərkəzindədir. Azərbaycanda kütləvi informasiya vasitələrinə, mətbuat işçilərinə ayrılan diqqət, göstərilən qayğı da göz önündədir və bütün bunlar dövlətimizin, dövlət başçımızın azad sözə, fikir, məlumat və mətbuat azadlığına verdiyi qiymətin təcəssümüdür. Jurnalistlərə ali dövlət mükafatlarının verilməsi, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün onlara mənzillərin verilməsi ölkə rəhbərinin diqqət və qayğısının bariz nümunəsidir. Bütün bunlar isə ümumilikdə onu deməyə əsas verir ki, əsası Ulu Öndər tərəfindən qoyulan ənənə davam etdirilir və ölkəmizdə söz, fikir, ifadə, məlumat və mətbuat azadlığına davamlı olaraq xüsusi önəm verilir.

İnam Hacıyev

6.3.2.Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanmışdır.