Daha heç bir bəhanə də qalmayıb
Minsk qrupunun tarixin arxivinə köç etməsinin ardınca son vaxtlara qədər bu qurmdan imdad alacağını sanan erməni tərəfinin daha bir yalanı üzə çıxıb. Məlum olub ki, İrəvana səfər etmiş ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Bris Rokfeyl sən demə regiona tamam başqa statusla gəlib. Yəni Ermənistan rəsmiləri və KİV-i onu “MQ həmsədri” kimi təqdim etsələr də, Azərbaycan mediasına məlum olub ki, Rokfeyl İrəvana heç də “MQ həmsədri” kimi deyil, Fransa XİN-nin Şərq Tərəfdaşlığı proqramı üzrə nümayəndəsi qismində, yaxud statusunda səfər edib. Nəticədə erməni siyasi-ictimai rəyinin yalanı ayaq tutmamış ifşaya məruz qalıb.
Fransa- Rusiya- ABŞ Minsk qrupuna “əlvida” deyiblər
Lakin erməni tərəfini Minsk qrupunun sıradan çıxması ilə bağlı pəjmürdə edən daha bir reallıq müttəfiqləri Rusiyanın qrupdakı həmsədrinin vəzifəsinin dəyişdirilməsi olub. Belə ki, Rusiyanın xüsusi tapşırıqlar üzrə səfiri İqor Xovayevin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının təşviqi üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin edilməsi sözügedən məsələnin hansı yerdə olduğunu bütün çılpaqlığı ilə əks etdirməkdədir. Xatırlasaq ki, Rusiyanın XİN rəhbəri Sergey Lavrov da Minsk qrupunun fəaliyyətinə son qoyulduğunu açıq tərzdə bəyan edib və onun sözlərini XİN-nin mətbuat katibi Mariya Zaxarova da təsdiqləyib. Yəni bu faktın özü də Kremlin Minsk qrupu formatından uzaqlaşaraq xüsusi nümayəndəlik institutuna üstünlük verdiyini göstərir. Xüsusi nümayəndəlik institutu isə artıq bəlli olduğu kimi, sırf Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması məsələsi ilə vasitəçilik etmək niyyətindədir və ondan da o tərəfə keçmir.
Ermənistanın hakimiyyət isteblişmenti susduruldu...
Əlbəttə ki, reallıqların belə bir tərzdə dəyişməsi son vaxtlara qədər nala-mıxa döyəcləyərək danışıqlar prosesində Minsk qrupunun mütləq iştirakı ətrafında səs-küy qaldıran Ermənistanın hakimiyyət isteblişmentini demək olar ki, tamamilə susdurdu. Üstəlik, yuxarıda qeyd edilən cəhdlərinin də iflasa uğraması İrəvanın qarşısında bir tələbi qabardır – qısa vaxtda, sürətlə Qarabağ məsələsinə son qoymaq və sərhədləri delimitasiya etməklə qarşı tərəfin, yəni Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tanımaq!
Rövşən RƏSULOV
P.S.İndi top heç də Minsk qrupunda deyil, çünki futbol leksikonu ilə desək, bu format ofsaytda qalıb, geri dönməsi isə mümkün deyil. ABŞ və Fransanın da Minsk qrupu çərçivəsində Rusiya ilə rabitələrini kəsmələri həmin reallığı ehtiva etməkdədir.
Və ən əsası - Azərbaycanın Prezidenti İlham Əliyevin Minsk qrupuna verilmiş mandatın de-fakto etibarsız olduğu barədə verdiyi bəyanatı İrəvandakı siyasi orientalistlərin kefinə əməlli-başlı soğan doğrayıb...