İş stresi nədən qaynaqlanır? - PSİXOLOQ DANIŞDI

15 Aprel 2022 15:19 (UTC+04:00)

"Müasir dövrdə insan həyatını stressiz təsəvvür etmək mümkün deyil. Stresin müşahidə olunduğu mühitlərdən biri də günün əsas hissəsini keçirdiyimiz iş yerləridir. Hər kəs iş stresi ilə qarşılaşa bilər". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Fidan Nəzirova deyib.
Onun sözlərinə görə, ümumiyyətlə, iş stresi tükənmişlik sindromu kimi qeyd olunur: "Tükənmişlik sindromu adətən, "emosional yanma sindromu" kimi də tanınır. Emosional yanma sindromu işdə xəyal qırıqlığına uğramaq, işdən bezmək, işləmək istəməmək kimi özünü göstərir. Bu sindrom işçinin ailədaxili və ya psixoloji problemlər, maddi çətinliklər nəticəsində yarana bilər".
Psixoloq sözlərinə davam edərək həmçinin qeyd edib ki, işçinin xəyal qırıqlığına uğramasının bir neçə səbəbi ola bilər: "Bu, işçinin digər iş yoldaşları ilə arasındakı problemlər, rəhbərliyin işçiyə qarşı qeyri-kafi münasibəti səbəbilə baş verə bilər. Eyni zamanda, əgər işçi çox işləyib, az istirahət edirsə onda tükənmişlik sindromu özünü göstərə bilər. Bu kimi problemlər də insanda iş stresinin yaranmasına gətirib çıxa bilir".