“Hər birimizə məlumdur ki, işğaldan azad edilən torpaqlarımızda kapitulyasiya bəyanatından çox qısa bir müddət sonra böyük quruculuq işləri başladıldı. Əlbəttə ki, Qarabağımızın göz bəbəyi olan Şuşada da quruculuq işləri başladılıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva bildirib.

Onun sözlərinə görə, bütün Qarabağ bölgəsində Şuşanın tarixi simasının yenidən özünə qaytarılması istiqamətində böyük fəaliyyətlər başladılıb və layihələrə start verilib: “Cənab Prezident “Şuşa sən azadsan, biz səninləyik” dediyi zamanda əlbəttə ki, bu ifadələrin hər birinin arxasında Şuşanın sadəcə düşmən torpağından azad edilməsi deyil, həm də artıq Şuşaya tarixi simasının qaytarılması məqsədi daşıyır. Ötən gün Prezidentin bununla bağlı olan fikirləri də burada quruculuq, infrastruktur işlərinin həyata keçirilməsini nəzərdə tuturdursa, bu söz eyni zamanda birmənalı olaraq böyük bir mesaj idi. Bu da Şuşanın tarixinin Azərbaycanın tarixi ilə bağlı olmasının göstəricisidir.
Şuşa qədim Azərbaycan şəhəridir. Şuşanın mənəviyyatı Azərbaycanın mənəvi abidəsi deməkdir. Şuşaya tarixi simasının qaytarılması bir daha onun Azərbaycan torpağı olduğunu və bundan sonra da Azərbaycana aid olduğunu isbat etmək və nümayiş etdirməkdir.
Biz bilirik ki, sadəcə Azərbaycan şirkətləri deyil, böyük xarici şirkətlər də məhz Şuşaya, Azərbaycana investisiya qoymaq işində iştirak etmək arzusundadır. Biz nəinki Şuşanı Qarabağımızı addım-addım yenidən bərpa edəcəyik. Şuşamız, ümumilikdə isə bütün Qarabağ bundan sonra daha da inkişaf edəcək. Bu ərazilər qapılarını taybatay sadəcə bizlərə deyil, eyni zamanda Şuşa əfsanəsini görmək istəyən hər bir kəsə Azərbaycan torpağı olaraq Şuşa öz qapılarını açır”.
Səbinə Hüseynli