“Prezident İlham Əliyevin siyasəti nəticəsində aparıcı beynəlxalq təşkilatları, dünya və region ölkələri Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallığı qəbul edib. Yaratdığımız yeni geosiyasi reallıq Cənubi Qafqaz regionunda uzunmüddətli sülhün, sabitliyin və əməkdaşlıqın yaranmasına hesablanıb”. Bu sözləri SİA-ya açıqlamasında deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, bu gün beynəlxalq təşkilatları və dünya ölkələri üçün Cənubi Qafqaz regionunda sülhün olması hər zamankından çox maraqlıdır: “Çünki, Rusiya - Ukrayna müharibəsi fonunda ən təhlükəsiz və siyasiləşməyən iqtisadi əməkdaşlıq imkanları Cənubi Qafqazın üzərindən yaratmaq mümkündür”.
Deputat sözlərinə belə davam edib: “Post-müharibə dövründə dünyanın aparıcı beynəlxalq təşkilatları olan BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, İƏT və digər beynəlxalq qurumlar Azərbaycanın mövqeyini dəstəklədiyini bəyan etmiş və bundan sonra regionumuzu necə görmək istədiklərini bildmişlər.
BMT-nin Azərbaycanla əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş mərasiminin Şuşada keçirilməsi və Avropa İttifaqının paytaxtı Brüsseldə prezident Şarl Mişelin dəvəti ilə üçtərəfli görüşün keçirilməsi, bu görüşdə Dağlıq Qarabağ və Minsk Qrupu ifadələrinin işlədilməməsi, o cümlədən görüşdə qəbul olunmuş razılaşmaların Azərbaycanın təqdim etdiyi 5 əsas baza prinsipi üzərində formalaşdırılması yaratdığımız yeni reallığın qəbul olunması deməkdir.
Əgər dünya birliyi özlərinin sözdə bildirdiyi yaratdığımız reallıqları qəbul etdiyini əməllərində də göstərərək ciddi şəkildə razılaşmaların icrasını Ermənistandan tələb edərlərsə düşünürəm ki, Azərbaycan-Ermənistan arasında sülh sazişinin imzalanması prosesi sürətlənə bilər. Mövqeyimiz ədalətlidir və dünya birliyinə də ədalətli mövqeyimizi qəbul etdirmişik”.
Ayşən Vəli