Fərrux dağının Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, ... -ŞƏRH EDİLDİ

15 Aprel 2022 10:21 (UTC+04:00)

“Azərbaycan Ordusunun Fərrux dağı istiqamətində mövqelər əldə etməsi və orada ətraf ərazilərə nəzarəti bərpa etməsi Ordumuz üçün mühüm əhəmiyyət kəsb edir. Fərrux dağının nəzarətimizə keçməsinin həm hərbi, həm siyasi, həm də iqtisadi əhəmiyyəti mövcuddur”. Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

Onun sözlərinə görə, Fərrux dağının hərbi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan buranı nəzarətə götürməklə Ağdərə-Xankəndi yolunu da nəzarətə götürür və bu istiqamətdə yerləşən erməni silahlıları üzərində hakim mövqe əldə edir: “Siyasi əhəmiyyət ondan ibarətdir ki, Azərbaycan ermənilərə və onları dəstəkləyənlərə aşkar şəkildə mesaj verdi ki, Qarabağda yerləşən ermənilərin təhlükəsizliyinə təminatı yalnız Azərbaycan verə bilər. Yəni, heç bir kənar qüvvə Azərbaycan torpaqlarında kiməsə təhlükəsizlik təminatı verə bilməz”.

Ədalət Verdiyev sözlərinə belə davam edib: “İqtisadi əhəmiyyət isə ondan ibarətdir ki, burada yerləşməklə həm Ağdamda aparılan quruculuq işlərini təhlükəsiz hala gətirə, həm də ərazidə yerləşən Xaçınçay su anbarına birbaşa nəzarətimizi təmin edə bildik.

Erməni silahlılarının su anbarlarına qarşı törədə biləcəyi təxribatları nəzərə alaraq, Azərbaycan Ordusunun buradan erməni silahlılarını çıxarması Xaçınçay su anbarına qarşı törədilə biləcək təxribatların miqyasını minimuma endirdi”.

Ayşən Vəli