“Bu, mənim ən yaxşı və son təklifimdir”

14 Aprel 2022 21:51 (UTC+04:00)

Amerikanın elektrik avtomobil istehsalçısı “Tesla”nın baş direktoru İlon Mask (Elon Musk) “Twitter”i 41 milyard dollara almaq təklifi ilə çıxış edib. SİA bu barədə rus saytlarına istinad edir.

Daha əvvəl “Twitter”də 9,2 faiz pay alan İ.Mask Amerika Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) verdiyi açıqlamada “Twitter”in bütün hissəsi üçün hər bir səhmə 54,2 dollar təklif etdiyini bildirib. Beləliklə, şirkətin ümumi dəyəri təxminən 41 milyard dollara bərabər olub.

Yuxarıda qeyd olunan prosesdən sonra “Twitter” səhmləri sessiya öncəsi ticarətdə 12 faiz artıb, aprelin 13-də 44,48 dollar səviyyəsində bağlanıb.

Dünyanın ən zəngin adamı olan İlon Maskın səhm başına təklifi şirkətin səhmlərinin 9,2 faizini aldığını elan etdiyi aprelin 1-də “Twitter” səhmlərinin bağlanış qiymətindən 38 faiz yüksəkdir.

“Twitter”in rəhbəri Bret Taylora yazdığı məktubda Mask “Twitter”in bir hissəsini satın aldığı üçün şirkətin indiki formada inkişaf etməyəcəyini başa düşdüyünü bildirib və “Twitter” özəl şirkət kimi dəyişdirilməlidir” deyib.

Sözügedən satınalma təklifinin “ən yaxşı” və “son təklif” olduğunu bildirən İlon Mask “Qəbul edilməzsə, “Twitter”in səhmdarı kimi mövqeyimə yenidən baxmalı olacağam” söyləyib.

Qeyd edək ki, “Twitter”dən aktiv şəkildə istifadə edən Maskın platformada 80 milyondan çox izləyicisi var. Onun cari aktivləri 260 milyard dollardan çoxdur.