Dünya iqtisadi böhranı getdikcə güclənir. Bu fonda əsas problemlərdən biri də ərzaq böhranıdır. Son 1 ildə qlobal ərzaq istehsalının azalması, həmçinin son vaxtlar Ukraynada davam edən müharibə ərzaq problemini getdikcə daha çox kəskinləşdirir. Azərbaycan da ərzaq sahəsidə əhəmiyyətli dərəcədə idxaldan asılı ölkədir. Son illərdə yerli istehsalın artmasına baxmayaraq hələ də idxaldan asılığımız qalır. Lakin Azərbaycanın bu böhrandan çıxmaq üçün potensial imkanları var.
Bəs bu potensialdan necə istifadə olunur, hökumət iqtisadi inkişafı, xüsusən ərzaq istehsalında irəliləyişləri necə təmin edir, qlobal ərzaq böhranından ölkəmizin sığortalanması üçün hansı işləri görür? Dövlət başçısı cari ilin 1-ci rübünün sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirəsində bu məsələlərə toxunub: “Hər kəs yaxşı bilir ki, hazırda dünyada ərzaq məhsullarının qiymətləri kəskin artır. Bu proses bir neçə ay bundan əvvəl başlamışdır. Əlbəttə ki, Rusiya-Ukrayna müharibəsi bunu daha da sürətləndirib, xüsusilə nəzərə alsaq ki, Rusiya və Ukrayna dünyada aparıcı taxıl ixracatçıları arasındadırlar və digər ərzaq məhsullarını dünya bazarlarına ixrac edirlər. İndi artıq təbii qıtlıq hiss olunur və hiss olunacaq. Bizim ərzaqlıq buğda ilə təminatımız, əlbəttə ki, diqqət mərkəzində olmalıdır. Hökumətə bu məsələ ilə bağlı göstəriş verilmişdir. Operativ tədbirlər görülüb və ehtiyatlar yığılır. Biz daha çox ehtiyat yığmalıyıq. Ancaq, eyni zamanda, bilməliyik ki, belə vəziyyət uzun müddət ərzində davam edə bilər və yəqin ki, davam edəcək. Ona görə burada, ilk növbədə, daxili təminatımız artmalıdır. Bu məsələ ilə bağlı göstərişlər verildi. Həm azad edilmiş torpaqlarda əkin işlərinin daha da genişmiqyaslı aparılması üçün göstərişlər verildi, həm də digər bölgələrdə. Əlbəttə ki, burada suvarma layihələrinin uğurla icrası böyük nəticələrə gətirib çıxara bilər. Amma hər halda indiki şəraitdə ərzaq qiymətlərinin qalxması və süni qiymət artımının qarşısının alınması məsələləri, hesab edirəm ki, ən vacib məsələlərdən biridir”.
Qeyd etməliyik ki Azərbaycan bir sıra ərzaq məhsullarını idxal etsə də, bir çox ərzaq məhsullarını da başqa ölkələrə ixrac edir. Son vaxtlar bu məhsulların ixracında artımlar qeydə alınıb. İqtisadiyyat naziri Mikayıl Cabbarov müşavirədə bununla bağlı bəzi rəqəmlər açıqlayıb. “Azərbaycan cari ilin ilk rübündə daxili bazarı tam təmin etməklə yanaşı, müxtəlif ölkələrə 60 min ton müxtəlif çeşidli meyvələr, 37 min ton tərəvəz, 12 min ton şəkər, 3,5 min ton meyvə-tərəvəz emalı məhsulları ixrac etmişdir”.
Nazir bununla yanaşı idxal məhsulları üçün prosesin sadələşdirilməsi üçün görülən işlərə də qeyd edib. “Biz həmin struktur asılılığımız olan məhsullar üzrə idxalın sadələşdirilməsi üçün müvafiq tədbirləri həyata keçiririk... Xüsusilə də kiçik və orta sahibkarlığa, ərzaq istehsalçılarına güzəştli dövlət maliyyələşməsinin təmin edilməsində kapital yardımının göstərilməsini təmin edirik.

Ölkə prezidenti müşavirədə çox mühüm bir məqama da toxunub: Mənə verilən məlumata görə, son 3 ayda inflyasiya 18 faizə qalxıb. Bu, əlbəttə ki, yüksək rəqəmdir. Amma onu da bilməliyik ki, bunun bir hissəsi idxal edilmiş inflyasiyadır. Çünki dünyada ərzaq məhsullarının və digər məhsulların qiymətinin artması, təbii ki, daxili qiymətlərə də təsir edir. Ancaq, eyni zamanda, onu da bildirməliyəm ki, 3 ayda əhalinin gəlirləri təxminən 20 faiz artıb və əgər biz inflyasiyanı əhalinin gəlirləri ilə müqayisə etsək, burada yenə də real gəlirlər artmış olur. Ancaq o demək deyil ki, biz buna laqeyd yanaşmalıyıq. Ona görə antiinflyasiya tədbirlərinin görülməsi, gücləndirilməsi zəruridir. Əlbəttə ki, burada əsas məsələ süni qiymət artımının qarşısının alınmasıdır. Çünki belə hadisələrdə, belə geosiyasi vəziyyətdə bəzi natəmiz sahibkarlar bundan istifadə etməyə çalışırlar və heç bir əsas olmadan qiymətləri artırırlar. Buna xüsusi diqqət göstərilməlidir”.
Baş nazir Əli Əsədov isə anti-böhran tədbirlərini belə izah edib: “Hələ pandemiya dövrünün başlanğıcında, mart ayından başlayaraq Sizin tapşırığınızla bu proseslər əsasən, ərzaq məhsulları və digər defisit məhsullar, o cümlədən respublikanın dərmanlar və tibb ləvazimatları ilə təchiz olunması istiqamətlərində aparıldı. Ukrayna-Rusiya müharibəsi ilə əlaqədar qiymətlər, taxılın qiyməti ən pik həddə qalxdı. Söhbət ancaq heç qiymətdən də getmir. Söhbət ondan gedir ki, bu gün ərzaq taxılı idxal etməyin öz prosesi var. Siz dediyiniz kimi, Ukrayna və Rusiyanın dünya taxıl istehsalında aparıcı rollarını, Ukraynada bu il çətinliklər olacağını nəzərə alaraq bu ehtiyatları artırırıq. Bir məqamı da demək istəyirəm. Sizin tapşırığınızla yerli istehsal, idxaldan asılılığın azaldılması istiqamətində də konkret layihələr hazırlanır və burada fokusda olan tədbirlər yaxın dövrdə təqdim olunacaq. Qarabağda, işğaldan azad olunmuş ərazilərdə və digər böyük təsərrüfatlarda əkin işləri gedir... Biz də, ilk növbədə, öz daxili ehtiyatlarımıza baxırıq. Əgər artıq yerli istehsal, planlar varsa, onlara ixrac verirlər və sahibkarların İqtisadiyyat Nazirliyinə müraciətinə əsasən 5 gün ərzində operativ qaydada bunlara baxılır. Yəni, deyə bilərəm ki, bu gün Azərbaycanda əsas ərzaq məhsulları üzrə kifayət qədər ehtiyatlarımız var”.

Bir qədər əvvəl Nazirlər Kabinetinin bir sıra məhsullar üzrə ixracın tənzimlənməsi qərarı anti-böhran tədbilərindən biridir. Qlobal ərzaq ticarətindəki probemlər ölkəmizdə ərzaq ehtiyatlarının yığılması və qorunması işinin vacibliyini göstərir.
Müşavirədə dövlət başçısı ərzaq ehtiyatı yaratmağın vacibliyini və bu sahədə ciddi işlər görülməsinin əhəmiyyətini qeyd edib: “Bu məsələ ilə bağlı danışarkən, biz, ilk növbədə, ərzaqlıq buğdanın istehsalını artırmalıyıq. Əlbəttə ki, ehtiyatları yığmalıyıq. Çünki bizdə ümumi taxıl istehsalı ölkə tələbatının 60 faizini təşkil edir, ərzaqlıq buğda ilə isə biz özümüzü cəmi 25 faiz təmin edirik. Ona görə məsələ qoyulub ki, ərzaqlıq buğda ilə biz özümüzü ən azı 70-75 faiz təmin edək. Buna nail olmaq üçün potensial var, imkanlar var - həm azad edilmiş torpaqlarda, həm ölkəmizin digər yerlərində. Həm bu il, həm gələn illərdə dövlət investisiya xərcləri artırılmalıdır. Eyni zamanda, sahibkarlara məqsədyönlü kreditlər, güzəştli kreditlər verilməlidir ki, məhz bu sahə inkişaf etsin. Çünki buğda əsas ərzaq məhsuludur. Bizim həm coğrafi yerləşməyimiz, iqlimimiz, eyni zamanda, bəzi yerlərdə torpağın keyfiyyəti və şərait imkan vermir ki, biz özümüzü bu gün buğda ilə yüz faiz təmin edək. Ancaq buna çalışmalıyıq və 6 ay keçməmiş biz azad edilmiş torpaqlarda indi böyük əkin işləri ilə məşğuluq. Təxirəsalınmaz tədbirlər nəticəsində ikinci dəfə əkin aparırıq və bu il haradasa 50 min hektarda əkin aparılacaq. Bu, çox yaxşı nəticədir. Həm azad edilmiş torpaqlarda, həm də bütün başqa yerlərdə məhsuldarlığı artıra biləcək tədbirlərə əlavə vəsait ayrılmalıdır. İlk növbədə, suvarma, suvarma sistemləri, gübrələr və digər məsələlər öz həllini tapmalıdır”.
Göründüyü kimi, həm dövlət başçısı, həm də hökumət üzvləri qlobal böhrandan ölkəmizin minimum itki ilə çıxması, əhalinin ərzaq problemi və bahalaşma ilə qarşılaşmaması üçün lazım olan bütün addımları atır. Ölkənin potensialından maksimum istifadə edilməsinə çalışılır, bu istiqamətdə ciddi proqram hazırlanır və həyatat keçirilir, o cümldən idxal və ixrac məsələləri ölkənin ehtiyatları prioritet götürülməklə həyata keçirilir.
Keçəm il aqrar sektorda ümumi daxili məhsul artıb. Ötən il kənd təsərrüfatında 8 ,43 milyard milyon manatlıq məhsul istehsal olunub. Bu, əvvəlki ilə nisbətən 2 faiz yüksək göstəricidir. Hesabata əsasən ötən il kənd təsərrüfatının bitkiçilik sahəsində məhsul istehsalı əvvəlki illə müqayisədə 0,8 faiz, heyvandarlıqda isə 3,1 faiz artıb. Bu il isə kənd təsərrüfatında daha çox məhsul əldə ediləcəyi gözlənilir. Həm Qarabağ və Şərqi Zəngəzur regionlarının əkin-biçin prosesinə qoşulması, həm də aqrar sektorda həyata keçirilən dövlət yardımları bunu təmin edəcək.
Dünya bazarında enerji daşıyıcılarının qiymətinin kəskin artması ölkəmizin gəlirlərini artırır. Şübhə yoxdur ki, bu gəlirlər ilk növbədə iqtisadi inkişafa və sosial müdafiəyə sərf olunacaq. Bundan başqa, işğaldan azal olunmuş ərazilərdə böyük tikinti-quruculuq işlərinə başlanıb. Ermənistanın işğalı ilə bağlı olaraq tamamilə dağıdılmış bu regionda hər şey sıfırdan başlanır, yüzlərlə şəhərlər, qəsəbələr, kəndlər bərpa olunmalı, infrasturktir və istehsal müəssisələri tikilməli, kommunal və enerji şəbəkələri yaradılmalıdır. Bütün bunlar çox nəhəng maliyyə vəsaitləri, çox ağır bir zəhmət, çox böyük vaxt tələb edir. Lakin Azərbaycan dövləti bunun öhdəsindən gəlmək iqtidarındadır. İqtisadi inkişafdan əldə edilmiş gəlirlər və indiyədək yığılmış ehtiyatlar- 55 milyard dollarlıq strateji rezervlər bunun təminatıdır.
Göründüyü kimi, Azərbaycanın qlobal iqtisadi böhran şəraitində sığortalanması imkanları çoxdur. Bu isə son dövrlərlə həyata keçirilmiş iqtisadi siyasətin nəticəsidir. Şübhə yoxdur ki, əvvəlki qlobal böhranlarda olduğu kimi, ölkəmiz bu böhrandan da uğurla çıxacaq, öz iqtisadi inkişafını və sosial sisteminin effektivliyini artıracaq.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb.