Üç qardaş dövlətin Aşqabadda görüşünü yüksək qiymətləndirirəm - ŞƏRH EDİLDİ

14 Aprel 2022 15:42 (UTC+04:00)

Aşqabadda Türkmənistan, Türkiyə və Azərbaycan prezidentlərinin üçtərəfli görüşü nəzərdə tutulur. Bəs görüşdən gözləntilər nələrdir?

SİA məsələ ilə bağlı deputat Məlahət İbrahimqızının fikirlərini öyrənib.

Onun sözlərinə görə, bu üç qardaş ölkə türkdilli dövlətlərə aiddir: "Rusiyada, Çində, Moldovada, İranda və başqa bir çox yerlərdə xeyli etnik türk olduğu üçün bu ərazilər bizim könül coğrafiyamız adlanır.

Türkdilli Dövlətlər Şurası daha çox təkmilləşib. İldən-ilə bu təşkilat daha da güclənir. Türkmənistanla Azərbaycan su yolu ilə qonşudurlar. İki dövlətin arasında yalnız Xəzər dənizi var.

Eyni zamanda, türk etnosunda Azərbaycan-Türkiyə-Türkmənistan bir-birinə yaxın olan ölkələrdir. Türkdilli Dövlətlər Şurasının olması bu dövlətlərin yalnız təşkilat çərçivəsində dostluğu, işbirliyini möhkəmləndirməsi demək deyil. Türk dövlətləri çoxtərəfli formatda da bir-birləri ilə çox gözəl əməkdaşlıq edirlər. Çoxtərəfli əməkdaşlıqla yanaşı, ikitərəfli və ya üçtərəfli əməkdaşlıq da mövcuddur. Bu mənada, hər üç dövlət arasında bir sıra məsələlərdə üst-üstə düşən maraqlar çoxdur".

Deputat sözlərinə belə davam edib: "Bugünkü gündə dünyada enerji baxımından çox ciddi problemlər var. Xüsusilə də Rusiya-Ukrayna müharibəsinə görə bir sıra ölkələrdə təbii qaz təchizatı ilə bağlı problemlər çoxdur. Bu problemlər əsasən Rusiyaya tətbiq olunan sanksiyalardan irəli gəlir. Türkmənistan da zəngin təbii qaz yataqlarına sahibdir. Bu mənada üç qardaş dövlətin Aşqabadda görüşünü yüksək qiymətləndirirəm. İnanıram ki, dünyada baş verən qlobal problemlər fonunda bu dövlətlərin bir-biri ilə təhlükəsizlik məsələsi də müzakirə olunacaq. Eyni zamanda, günün aktual məsələsi olan enerji təhlükəsizliyi, təbii qaz təchizatı ilə bağlı müəyyən nəticələr əldə olunacağı gözlənilir".

Ayşən Vəli