Yaxud, Ermənistandan Qarabağ erməniləri üçün “planka” səviyyəsi
Ermənistanın baş naziri Nikol Paşnyanın ölkə parlamentindəki qalmaqallı çıxışı və eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı “status” məsələsini də paralelləşdirməsi Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın narazılığı ilə nəticələndi. Daha dəqiq desək, cənab Klaar narazılığını belə ifadə edib ki, onun təmsil etdiyi təşkilat prosesin irəliləməsinin əsas vasitəsi kimi məhz ərazi bütövlüyünün tanınmasında və sülh sazişinin imzalanmasında görür.
Paşinyan qarabağlı ermənilərin təhlükəsizlik qarantının məhz Bakının olduğunu bəyan edir
Əbəs deyil ki, son günlər istər Ermənistanın revanşçı müxalifəti, istərsə də Qarabağdakı separatçı-quldur rejimin cinayətkarları elə-belə, durduqları yerdə təlaşlanmayıblar. Və o da sirr deyil ki, Ermənistan həm maliyyə, həm də logistik cəhətdən Qarabağdakı azsaylı erməniləri təmin edir, bu vasitələrlə öz təsirlərini göstərir, həmçinin özlərindən asılı vəziyyətdə, daha açıq desək, girovluqda saxlayırlar. Yəni Paşinyan faktiki olaraq qarabağlı ermənilər üçün bu dəfə Azərbaycanın tərkibində “status” istəyir və etiraf edir ki, onların təhlükəsizliyinin qarantı da məhz Bakıdır. Belə olan halda Ermənistan:
- Azərbaycandan sülh müqaviləsi alır və diplomatik münasibətləri bərpa edir, Bakı isə İrəvan qarşısında söz sahibi olaraq qalır
- Türkiyə ilə sərhədlərini açır və diplomatik münasibətlərini bərpa edir, İrəvan-Ankara arasında yeni bağlar yaranır
- Şərq-Qərb vektorunda kommunikasiyalar açılır, növbəti perspektivli layihələrə qoşulmaq imkanı əldə edilir
- Ziddiyyətli məsələlər məhz siyasi-diplomatik həll yolları ilə çözülür, Ermənistan təcrid vəziyyətindən çıxarılır
- Orta perspektivdə subyektivlik artır və s...
Belə olan halda isə Azərbaycanın motivasiyası da kifayət qədər aydın görünür: Ermənistan tərəfindən ərazi bütövlüyü tanınır və bunun ardınca Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası prosesinə başlanılır, eləcə də daxili işlərinə də heç bir xarici müdaxilələr olmur.
Erməni baş nazirinin Kreml sınağı – 19 aprel 2022-ci il
Aprelin 19-da Paşinyanı Kremldə çətin sınaqlar gözləyir və o, ilk növbədə, Qarabağ erməniləri məsələsini öz üzərindən atmaqla Rusiya-Azərbaycan müstəvisinə çıxarmaq istəyir. Erməni baş nazir həm də Azərbaycanla münasibətlərini yaxşılaşdırmaq, sülh sazişini imzalamaq, iddialardan əl çəkmək, yerdə qalan məsələləri isə Rusiyanın öhdəsinə buraxmaq istəyir. Və beləliklə, erməni baş naziri məhz həmin üsulla az da olsa Rusiyanın sıxma-boğmasından xilas olmağa çalışır.
Əslində, belə bir cəhd Cənubi Qafqaz regionunda Azərbaycanla Türkiyənin mövqelərinin daha da gücləndirilməsinə yönəlir. Daha dəqiq desək, Ermənistanın Rusiyanın “caynaqlarından” qurtulması regiondakı mənzərəni konstruktivik istiqamətinə doğru yönəldir. Və əbəs deyil ki, Paşinyan parlamentdəki çıxışı zamanı Ermənistan dövlətçiliyinin təhlükəyə düşməsi ehtimalları haqqında fikir bildirdi, dərhal əlavə etdi ki, KTMT sərhəd toqquşmalarında (ötən ilin noyabr-dekabr aylarında) kənarda dayandı və iflasa uğradığını sübut etdi, yəni bundan sonra Ermənistanın təhlükəsizliyinə təminat yoxdur.
İlham Əliyev Qarabağ erməniləri haqqında: “Onlar da anlayacaq ki, Azərbaycan vətəndaşlarıdır və onlar Azərbaycan bayrağı altında yaşamalıdırlar və yaşayacaqlar”
Daha bir məsələ isə Paşinyanın parlamentdəki çıxışı zamanı 2020-ci ildəki səhvlərini yenidən təkrarlamaq istəməməsi ətrafındakı fikirləri oldu. Yəni yenidən müharibə olacağı halda Ermənistanın tamamilə xəritədən silinməsi təhlükəsinin mövcud olması barədə fikirləri, əslində, Paşinyanın mövqeyinin nədən ibarət olduğunu göstərdi. O yaxşı bilir və dərk edir ki, müharibə olarsa, rəhbərlik etdiyi ölkə və dövlət qısa zamanda itəcək.
Belə bir şəraitdə Azərbaycanın Qarabağdakı erməniləri hansı yolla reinteqrasiya etməsi mexanizm və üsulları maraq doğurur. Əslində, həmin mexanizmlər hazırdır və məqsədlər də açıq-aydın ortadadır.
Biz bu məqamda Prezident İlham Əliyevin aprelin 12-də keçirdiyi müşavirədəki fikirlərini də xatırlada bilərik. “Ümid edirik, onlar da anlayacaq ki, Azərbaycan vətəndaşlarıdır və onlar Azərbaycan bayrağı altında yaşamalıdırlar və yaşayacaqlar. Bunu nə qədər tez başa düşsələr, onlar üçün o qədər yaxşı olacaq”, deyə dövlətimizin başçısı fikirlərini qəti şəkildə ifadə edib.
Beləliklə, fakt budur ki, Paşinyanın yeganə çıxış yolu əvvəl-axır Bakıdan keçir və o, Qarabağ erməniləri üçün hazırladığı "plankasını" qüvvədə saxlamağa nail olacaqsa, habelə Moskvadakı sınaqdan da çıxmağı bacaracaqsa, sonuncu xilas yolundan - Bakının kölgəsindən rahatlıqla keçə bilər.
Rövşən RƏSULOV