Bu il məktəblərdə "Son zəng" tədbirləri keçiriləcək? - DİQQƏT

14 Aprel 2022 13:53 (UTC+04:00)

"İlk növbədə qeyd edim ki, 2020-ci ildən pandemiya səbəbindən orta ümumtəhsil məktəblərində son zəng tədbirlərinin keçirilməsi qadağan edilib. Nəzərə alsaq ki, 11-ci sinifi bitirən gənclərin həyatında bu hadisə bir dəfə olur və mütləq şəkildə qeyd edilməlidir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, buna ümidlə yanaşa bilərik ki, ölkədə bu il tədrisin yekununda Son Zəng tədbirləri keçirilə biləcək: "Bunu deməyə imkan verən bir neçə əsas var. Belə ki, artıq ölkə ərazisində toy və yas mərasimlərinin keçirilməsinə pandemiya dövrünün qaydaları çərçivəsində icazə verilir".

Kamran Əsədov sözlərinə belə davam edib: "Qeyd edək ki, bu il orta ümumtəhsil məktəblərindən 85 minə yaxın şagird məzun olacaq. Bu da kifayət qədər ciddi bir rəqəmdir. Dərslərin tam şəkildə bərpa olunduğunu nəzərə alsaq, bu, onu deməyə əsas verir ki, "Son Zəng" tədbirlərinin keçirilməsi ilə bağlı heç bir problem yoxdur. Sadəcə, burada pandemiya tələblərinin şərtləri ciddi şəkildə gözlənilməlidir. Hal-hazırda qapanmada olan məktəb də yoxdur".

Ayşən Vəli