Bakı hələlik (!) səbrlə, təmkinlə gözləyir... SİYASİ RAKURS+ÖZƏL

14 Aprel 2022 10:18 (UTC+04:00)

İrəvanın isə bir neçə günü qalıb – aprel ayının sonları yaxınlaşır!

Brüssel görüşündə yadda qalan daha bir amil Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Şarl Mişelin erməni informasiya məkanını və analitik nəşrlərini ciddi şəkildə qıcıqlandıran görüş nəticələri ilə bağlı bəyanatı oldu. Belə ki, bir sıra erməni eskpertləri və analitikləri günü bu gün də postmüharibə dövrünün tənzimlənməsi prosesini ermənilər üçün “təhlükəli tendensiya” kimi qələmə verirlər. Daha dəqiq desək, buna səbəb olaraq Azərbaycanın Qarabağ regionunda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları kontingentinin (RSK) nəzarət etdiyi ərazidə can verməkdə olan separatçı rejimin müqəddəratı ətrafında müxtəlif söz-söhbətlər gedir. Məsələ isə ondadır ki, Şarl Mişelin bəyanat mətnində qarabağlı ermənilərin “xüsusi statusları” barədə bir kəlmə də olsun deyilməyib.

Sergey Lavrovun erməni həmkarı Ararat Mirzoyanla görüşü zamanı Minsk qrupunun “dəfn edildiyini” rəsmən bəyan etməsi ermənilərə ikiqat zərbə vurmuş oldu

Ancaq erməniləri qıcıqlandıran daha bir faktor da var – ATƏT-in Minsk qrupunun dolayı yolla siyasi məzarlığa gömülməsi. Çünki İrəvan son ana qədər ümid edirdi ki, ən azından, Avropa İttifaqı Şurası ATƏT-in Minsk qrupunun “əhəmiyyəti” barədə nə isə edəcək, onu Qarabağ gündəmində saxlayacaq və s. Fəqət, məlum Ukrayna hadisələri və Rusiya xarici işlər naziri Sergey Lavrovun erməni həmkarı Ararat Mirzoyanla görüşü zamanı Minsk qrupunun “dəfn edildiyini” rəsmən bəyan etməsi ermənilərə ikiqat zərbə vurmuş oldu.

Brüsselin isə, ümumiyyətlə, adıçəkilən qrup haqqında heç bir fikir söyləməməsi həmin məsələnin üzərindən çarpaz xətlər çəkmiş oldu. Artıq Aİ də Minsk qrupunun perspektivsizliyini açıq-aydın nümayiş etdirmiş oldu.

Azərbaycana gəldikdə isə belə qənaətə gələ bilərik ki, bu gün rəsmi Bakının mövqeyi elə güclü siyasi-iqtisadi əsaslara söykənib ki, artıq Qərb öz təsirlərini göstərməkdə acizlik çəkir. Halbuki, həmin Qərb bir vaxtlar Azərbaycanı separatçılarla eyni masaya oturmağa çağırır, həmin istiqamətdə müxtəlif təzyiq rıçaqlarından istifadə edirdi. İndi isə vəziyyət başqadır və Bakının qətiyyəti “status” iddialarını ümumiyyətlə, gündəmdən çıxarılıb.

Dövlət başçısının praqmatik siyasəti Azərbaycanın geopolitik qarşıdurmalar məkanına daxil olmasına sədlər qoyur

Bütün bunlarla paralel olaraq Prezident İlham Əliyevin uğurlu çoxvektorluluq siyasəti Rusiya-Azərbaycan münasibətlərində qəsdən törədilməyə çalışılan spekulyasiyaların qarşısını keçilməz baryer kimi almaqdadır. Dövlət başçısının praqmatik siyasəti isə Azərbaycanın geopolitik qarşıdurmalar məkanına daxil olmasına sədlər qoyur. Məhz bu vasitə ilə Azərbaycanın həm Qərb, həm də Rusiya ilə münasibətləri uğurlu tandemlər əsasında inkişaf etdirilir.

Bu amildən çıxış edərək biz aprelin 12-də Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən müşavirədəki çıxış və bəyanatlarını da xatırlaya bilərik. Ölkə rəhbəri qəti şəkildə bəyan etdi ki, “status” məsələsi ümumiyyətlə, aradan qaldırılıb və Ermənistan rəhbərliyi rəsmi Bakının irəli sürdüyü beş təklifi qəbul edir. Bununla da proseslərin məcrası daha dolğun istiqamətə doğru yönəlir və əlbəttə ki, Ermənistan mövcud vəziyyətdən düzgün istifadə etməzsə, yaxud hər hansı bir yeni vaxtuzadıcı iddialarla çıxışlar edərsə, bu, zaman onun dalanda qalma və əslində, siyasi məhvolma aqibəti qaçılmaz olacaq.

Artıq razılaşmalara görə vaxt daralır və aprelin son günləri də yaxınlaşır və İrəvan bu günlərdə bir az da tələsməli, sərhədlərin delimitasiyasından tutmuş Azərbaycanın ərazi bütövlüyünü tanımalı, habelə sülh danışıqlarına başlamağa hazır olduğunu əməli şəkildə icra etməlidir. Bunun üçün İrəvanın bir neçə günü qalıb və ondan səmərəli qaydada istifadə etməli, qoyulmuş vaxta çatmalıdır. Azərbaycan isə əlbəttə ki, hələlik (!) səbrlə, təmkinlə gözləyir...

Rövşən RƏSULOV