Bakı 2020-nin payızını yaşamaqdaydı. Günəş günlərdi önünü kəsmiş qara buludun o yan-bu yanına keçib, yerə bir zolaq gün payı bəxş etməyə çalışsa da, bu, küləklər şəhərinə əsla bəs etmirdi. Şəhər payızın sazağı, çiskin yağışları ilə mücadilə aparır, küçələrdəki insanları qarşısına alıb sürətlə mənzil başına çatmalarına yardım edirdi. Hələ payızın əvvəli olsa da, sanki vaxtsız saralıb ağaclardan üzülüşən qızılı, sarı yarpaqlar küləyin qarşısında küçəbəküçə, dalanbadalan dolaşır, heydən düşür, bir yerə topalaşır, yenidən küləyə boyun əyirdilər. Adama elə gəlirdi ki, bu külək düz Qarabağdan əsib gəlir, müharibənin acısını, fəlakətini sazağa, soyuğa çevirib el-el, şəhər-şəhər səpələyirdi.
Aynur hərgünkü kimi oktyabrın 5-i də adəti üzrə sübh çağından oyanmışdı. İşə getməyə hazırlaşırdı. Belə sübh çağı qapının zəngi vurulanda bir anlıq özünü itirdi. Kim ola bilərdi ki, bu vaxt? Günlərdi ağlında olan fikirləri ürəyinə gətirməyə ehtiyat etdiyindən onları yaxınına belə qoymamağa çalışırdı. Lakin nə qədər çalışsa da, yenə də xəyalına birinci gələn o fikir oldu. Elə bil bu andaca bayırda küləyin vıyıltısı daha da şiddətləndi, evə- ona tərəf əsdiyini hiss etdi. Hər gün payızın o son yarpağının alın yazısı olacağını düşünüb, elə düşünən andaca qorxudan xəyalından uzaqlaşdıran Aynur külək qapını-pəncərəni açıb sazağını onun üzünə sillə kimi vuranda sanki yuxudan oyandı. Qapını açmalı olduğunu dərk etdi. Yaxınlaşdı və əlləri titrəyə-titrəyə açdı qapını. Onlar idi, Vüqarın qohumları. Nişanlısının yaralanması, onu görmək istəməsi xəbərini gətirmişdilər.
Aynur bir an hərəkətsiz qaldı. Nə deyəcəyini, necə hərəkət edəcəyini bilmədi. Sanki bir sükut çökdü dünyasına. Ona elə gəldi ki, ta bundan sonra nə bir kəlmə söz danışa, nə də bir addım atıb yeriyə bilər. Vüqarın qohumları onu apardılar. Lakin getdiyi yol onu xəstəxanaya deyil, nişanlısının evinə aparırdı. Aynur isə heç bunun fərqində də deyildi. O nə düşünə, nə də görə bilirdi. Sükut gözlərinin qarşısına qalın bir pərdə çəkmişdi. Baxışı da, düşüncəsi də bu pərdədə bitirdi. Sadəcə baxır, gözlərinin önündəki o qara pərdədə Vüqarın gülümsəməsindən başqa heç nə görə bilmirdi. Qarabağa müharibəyə yollanarkən Aynurla görüşündəki o gülümsəməni...
Birazdan evə çatırlar. Bayaq Aynurgilin evinə bayırdan vıyıltı ilə soxulan kulək indi Vüqargilin evindən bayıra həmin vıyıltı ilə çıxırdı. Aynur bu səsi də özü üçün aydınlaşdıra bilmirdi. Külək səsiydimi, yoxsa bir ananın, atanın, bacının, qardaşın, qohumun, yaxının nalə səsiydimi? O bunu içəriyə keçib ortalıqdakı tabutu görəndə anlayacaqdı. Anlayacaqdı ki, ağlına gələn başına gəlib. Bu vıyıltı da Vuqarın anasının fəryadı, atasının naləsi, buradakı hər kəsin “Vüqar” deyib ağlaması idi.
Aynur elə o susan da susur. Sükuta qərq olur. Sanki cəsarəti əlindən alınır. Nə çığırmağa, nə Vüqarı səsləməyə, nə də bir kəlmə danışmağa özündə güc tapa bilir. Tək bacardığı sakitcə bir kənarda əyləşib gözlərindən axıtdığı leysan kimi yaş olur. Bu an onun dünyasını əlindən alırlar. Yeni dünyasında isə hələ yeriməyi, danışmağı, səslənməyi öyrənə bilmir. Günlərlə bu yeni dünyanın hissiyyatsız varlığına çevrilir. O, nə vaxtsa bu yeni dünyasından öz dünyasına qayıdacaqdı. Lakin buna zaman lazım idi. Qayıtdığında isə onun üçün Vüqarsız gün elə oradan başlanacaqdı. İndi bütün varlığı donmuşdu, azacıq hərarətlə açılacaq bu don ona sevdiyi insanın yoxluğunu anlatdıqca Aynurun yaraları göynəyəcək, sağalmaq bilməyəcəkdi... Lap sonralar xahiş edəndən sonra mənə Vüqarın müharibədə iştirakından, necə tanış olmalarından ürək ağrısı ilə danışacaqdı:
- Vətən, torpaq uğrunda canını qurban vermək üçün Qarabağa yollanan minlərlə gəncimizdəndi Vüqar Cəfərov. Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu idi. 44 günlük Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif edilib. Cəbrayıl və Kəlbəcər rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən isə “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Bütün şəhid ailələri kimi, Vüqargilin ailəsi də dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunub.
Vüqarla tanışlığımız isə belə olmuşdu ki, mən onun dostunun həyat yoldaşı ilə bir yerdə işləyirdim. Tanışlığımız da onların sayəsində olmuşdu. Artıq ailələrimiz tanış olmuşdular. Mənə elçi də gəlmişdilər. Martın 20-nə nişan vaxtını təyin etmişdik. Lakin pandemiya səbəbindən geniş nişan keçirə bilmədik. Nişanımız bizim evdə oldu. Artıq müharibə başlananda toyumuzun vaxtı da təyin olunmuşdu. Hər iki ailədə hazırlıqlar görülürdü.
Axırıncı sözləri deyəndə Aynurun səsi o qədər titrəyirdi ki... Onunla görüşməyi, söhbətləşməyi istədiyim üçün üzr dilədim. Çox kövrəlmişdi, özünü ağlamaqdan zorla saxlayırdı. Düşündüm ki, yenə bir sual versəm gözlərindən leysan yağacaq. Mən bu cür düşünərkən o:
- Unutmaq olmur. Çox çətindir. Vüqarı itirməklə mən hər şeyi itirdim. Arzularımı, ümidlərimi, xəyallarımı...
Sözün bitdiyi an idi bu an. Mən də xeyli düşüncələrə daldım. 2020-nin payızından Aynurun gözləntilərini gözlərim önündən keçirdim. Vüqar onun payızının son yarpağı idi. Hər gün Aynurun payızın sazağına sarılıb ömrünə əsə biləcək o vıyıltılı küləyi dəf etmək mücadiləsini, o küləyin tək ümidi olan son yarpağı ağacdan salıb ümidini kəsəcəyini xəyal etdikcə ürəyim şan-şan oldu. Mən düşündükcə onun uzaq bir nöqtəyə dikilmiş gözlərində o son yarpağın “rəqsini” görürdüm...
Ta bircə kəlmə də nə o, nə də mən danışmalı idik. Yoxsa Aynurun ürəyi daha da sıxılardı. Onsuz da o ürəyin sıxıntıdan, kədərdən başqa qonağı yoxdur ki. O ürək Vüqarın xatirələrinin oylağıdır. Onunla ötən günlərin saxlanc yeridir. O ürəkdə tək sevgi yoxdur. Vüqarın səsi də, rəsmi də oraya əbədiyyən həkk olunub. Aynur o ürəyi daşıdıqca da Vüqar onun içində, ailə qurması, həyat yoldaşı, övladlarının anası olması üçün seçdiyi növrəstə qızın ürəyində yaşayacaq.
Torpaq namusdur. Torpağı düşməndən qorumaq namusu qorumaq, onu düşməndən geri almaq namusu xilas etməkdir. Belə isə minlərlə şəhidimizin Aynur kimi yarının, gözüyaşlı ata-anasının, saçının bir tərəfini ağ, bir tərəfini qara hörüb şəhid övladı böyüdən həyat yoldaşlarının, ümumilikdə xalqımızın həm kədəri, həm qürurudur şəhidlər. Elə Vüqarı da dünya durduqca belə anacağıq:
Dağ başında qar sənsən,
Qar sənsən, vüqar sənsən.
Vətən adlı zirvəyə
Ad yazan, Vüqar, sənsən.
Mətanət MƏMMƏDOVA