Hamam İslam dünyasına aid ictimai çimərlik yeridir. Təmizləmə və istirahət üsulu olaraq, hamamlar Viktoriya dövründə məşhur olub. Daha sonra isə Britaniya imperiyası və Qərbi Avropaya yayılıb. Binalar termlərə oxşayır, rus saunalarından fərqli olaraq, mühit buxarından istifadə olunur və hamamlarda suya üstünlük verilir.
Hələ qədim vaxtlardan hamamlar insanların həyatında ictimai tikililər arasında xüsusi yer tuturdu. Qədim Misir və Roma həmişə öz hamam və termaları ilə məşhur olmuşlar. İctimai hamamlar öz əsas sanitar funksiyası ilə yanaşı həm də klub, informasiya mübadiləsi və görüş yeri kimi istifadə olunardı. Biz də SİA olaraq, Bakının mərkəzində yerləşən və kənardan görünüşü ilə belə hər kəsin diqqətini üzərinə çək "Tazə bəy" hamamına müraciət etdik:
“Bakının mərkəzində 19 əsrdə yəni, 1886-cı ildə inşa edilmiş ictimai hamamlardan olan "Tazə bəy" hamamı da belə istirahət yerlərindən biridir”. "Tazə bəy" hamamından verilən məlumata görə, hamam ilk açıldığı dövrdən Sovet hakimiyyəti quruluna qədər “Kişi hamamı” adı ilə tanınıb.
"Tazə bəy" hamamının administratoru Mirvari Zülfüqarova bildirib ki, Sovet hakimiyyəti dövründə bu hamam 9 nömrəli hamam kimi fəaliyyət göstərməyə başlayıb: “Daha sonra isə özəlləşdirilib və sonuncu dəfə 2002-ci ildə təmirə bağlanıb. "Tazə bəy" hamamı memarlıq abidələrinin bərpasını müasir tələblər əsasında 2003-cu ildə tam bərpa edib. Sonuncu dəfə isə 2011-ci ildə yenidən təmirə bağlanaraq, 2012-ci ildə yeni görünüşü ilə istifadəyə verilib. Bu hamam ilk açıldığı ildən 2002-ci ilə qədər 9 nömrəli hamam adlandırılıb. 2002-ci ildən isə artıq "Tazə bəy" hamamı kimi tanınmağa başlayıb.
Şərq, Rus və Fin hamamı, hovuz və habelə digər xidmətlər, o cümlədən bütün növ masaj, kisə,süpürgə (evkalipt), pedikür, manikür xidmətləri mövcuddur. Burada Şərq və Avropa mətbəxi ilə zəngin restoran, bar və pivə barı fəaliyyət göstərir. Bütün xidmətlərə yüksək ixtisaslı personal məsuliyyət daşıyır”.
Hamamı gəzdikdə burada sadəcə hamam, hovuz, masaj və s. deyil, eyni zamanda gələnlər daha rahat dincələ bilməkləri üçün otaqların olduğunu da gördük. Hansı ki, bu otaqlar kiçik və böyük olmaqla bir neçə otaqdan ibarət idi.
İçəri ilk girdikdə diqqətimi çəkən ilk şey ətrafdan üzərlik iyinin gəlməsi oldu. Aldığımız məlumata görə, burada hər səhər üzərlik yandırırlarmış. Bu isə gələnlərə və ümumi olaraq hamam personalına xüsusi bir xoş əhval-ruhiyyə verdiyini bildirdilər.
Eyni zamanda hamama daxil olanda bir anlıq səhvən hər hansısa bir muzeyə getdiyimizi düşündük. Çünki hər tərəf biri-birindən maraqlı və müxtəlif ölkələrə aid rəsm əsərləri, incəsənət nümunələri ilə bəzədilmişdi. İnsan həqiqətən özünü bir anlıq muzeydəki kimi hiss edir. Ən maraqlısı isə interyer elə qurulmuşdu ki, qədimilik qorunaraq, müasirlikdən də istifadə edilmişdi. Bu isə təbii ki, hər kəsin zövqünü oxşaya bilmək baxımından önəmli bir detaldır. Eyni zamanda bura gələn turistlər üçün də olduqca maraqlı bir şərait yaradılıb. Çünki burada istənilən ölkənin mədəniyyətinə aid əşyalar tapmaq mümkündür.
Diqqətimi çəkən digər bir məqam isə demək olar hər yerin ata sözləri ilə bəzədilməsi idi. Hansı ki, bu atalar sözlərinin bəziləri üzdə gülüş yaradırdısa, bəziləri də insanı düşüncələrə qərq edirdi.
Eyni zamanda bura əsasən turistlərin daha çox üz tutduğunu öyrəndik. Pandemiyadan əvvəl isə turistlərin daha çox olduğu təqdirdə, hazırda o qədər də olmadığını bildirdilər.
Qiymətlər isə bizi olduqca təəccübləndirdi. Giriş sadəcə 19 manat təşkil edir və bunun içərisinə hamam, hovuz, sauna və s. istifadə də daxildir. Lakin digər xidmətlər üçün əlavə ödəniş edilməlidir. Məsələn masajın 1 saatı 40 manat təşkil edir.
Bura gələnlərin fiziki olaraq dincəlməklə yanaşı, ruhlarının da dincəldiyini, hətta böyük bir estetik zövq alaraq hamamdan çıxdıqlarını dedilər. Turistlər üçün isə "Tazə bəy" hamamı Bakıda müraciət edə biləcəkləri ən maraqlı yerlərdən biridir.
Səbinə Hüseynli