Metroda dəhşətli hücum baş verib

13 Aprel 2022 13:53 (UTC+04:00)

Fərdi silahlanmanın ölkə mədəniyyətinin bir parçası sayılan ABŞ dünən səhər saatlarında dəhşətli hücumla oyanıb. SİA-nın xarici mətbuata əsasən verdiyi məlumata görə, Nyu-Yorkun Bruklin şəhərində səhər saat 8:30-da insanların işə getdiyi vaxtda yaşıl işçi jileti geyinmiş və üzündə qaz maskası olan qaradərili şəxs metroya minib.

Sərnişinlər həmin şəxsi metro işçisi ilə səhv salıblar. Amma metro hərəkətə başlayan kimi həmin şəxs əvvəlcə qaz bombası atıb, sonra isə sərnişinlərə atəş açıb. Hərəkətdə olan vaqonda olan sərnişinlər qatar stansiyaya çatanda təşviş içində özlərini çölə atıblar. Hücum edən şəxs qarışıqlıqdan istifadə edərək qaçıb.

Hadisə zamanı 10 nəfər odlu silahdan açılan atəşlə yaralanıb. Tüstüdən biri hamilə olmaqla 6 nəfər zərər çəkib. Xəstəxanaya çatdırılan və silahla vurulan yaralılardan 5-nin vəziyyətinin ağır olduğu bildirilib. Polis, təsbit edilən təcavüzkarı tutmaq üçün əməliyyat başladıb.

Hadisə yerinə gedən polis və yanğınsöndürənlər çoxlu sayda partlamamış tüstü bombası aşkar ediblər. Bombalar zərərsizləşdirilib. Polisin metro tunellərində qaçan hücumçunu axtardığı açıqlanıb. Hadisədən sonra ətrafdakı məktəblər təhlükəsizlik səbəbilə bağlanıb. Hücumun terror hadisəsi kimi araşdırılmadığı bildirilib.

Brooklyn metro stansiyasına hücümçu kimi Frank R. James axtarılır. Hadisə yerində James- in furqonunun açarının tapılması şübhələri artırıb. 62 yaşlı Frenk R. James- in harada olduğu barədə polisə məlumat verənə 50 min dollar mükafat veriləcək.

ABŞ komissarı Keechant Sevell mətbuat konfransında bildirib ki, James sosial mediada Nyu-York, evsizlik və bələdiyyə sədri Erik Adams haqqında yazılar yazır.

Günay İsmayıllı