Gənclər anlasalar ki, kriminal aləmin sonu cəhənnəmdir... - JEM SƏDRİ TƏNQİD ETDİ

13 Aprel 2022 13:44 (UTC+04:00)

“Gənclərdə kriminal aləmin nümayəndələrinə meyil həmişə olub. Keçmişdə həqiqətən belə bir mühit vardı. Yəni həbsxanalarda xüsusi qruplar fəaliyyət göstərirdilər. O dövrdəki gənclərin özlərini avtoritetlərə oxşatmasında haradasa məntiq tapmaq olardı”. Bu sözləri SİA-ya açıqlamasında JEM sədri Ceyhun Musaoğlu deyib.

Onun sözlərinə görə, müasir dövrdə isə kriminal avtoritet hesab edilənlərin hərəkətlərində ciddi dəyişikliklər baş verdi: “Artıq onlar əvvəlkilərdən törətdikləri cinayətlərə, həyat tərzlərinə görə fərqlənirdilər. Bu gün həbsxanalarda da kriminal aləm deyilən dünya yoxdur. Belədə indiki gənclər özlərini kimə oxşadırlar, anlamaq olmur”.

Ceyhun Musaoğlu sözlərinə belə davam edib: “Müəyyən yaş dövrləri var. Gəncləri 16-22 yaş arasında mütləq qorumaq lazımdır. lazımdır. Bu yaşda olan yeniyetmələri mütləq kitaba bağlamaq xeyirlidir. Həm də elə kitablar seçilməlidir ki, orada pis əməl sahibləri mütləq cəzalanır.

Əgər gənclər anlasalar ki, kriminal aləmin sonu cəhənnəmdir, heç vaxt həmin cəhənnəmə düşmək istəməzlər. Bu gerçəyi isə gənclərə ancaq kitab anlada bilər”.

Ayşən Vəli