"Aprel ayının 12-də cənab Prezidentin sədrliyi ilə cari ilin I rübünün yekunlarına həsr edilmiş müşavirədə İlham Əliyev Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü qəbul etməsi ilə bağlı danışıb". Bu sözləri SİA-ya açıqlamasında deputat Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, Prezident Ermənistanın Azərbaycan tərəfindən irəli sürülən təklifləri qəbul etdiyini bildirib: "Təbii ki, Azərbaycan 44 günlük Vətən Müharibəsində qələbə qazanaraq torpaqlarını işğaldan azad etdikdən sonra öz gücünü formalaşdırdı. Bu da ölkəmizə davamlı olaraq siyasi xarakterli qələbələr gətirmiş oldu".
Deputat sözlərinə davam edərək həmçinin qeyd edib ki, qələbədən sonrakı mərhələdə Azərbaycan prioritet hesab edilən hədəflərə doğru irəliləməyə başladı: "Post-münaqişə mərhələsində yekun sülh sazişinin bağlanılması həm ölkəmizin, həm də regionun təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan bu sazişin şərtlərini dəfələrlə Ermənistana bildirərək bütün dünyaya da bəyan edib. İlk öncə sərhədlərin delimitasiyası aparılmalı, Ermənistan Azərbaycana qarşı olan ərazi iddialarından əl çəkməlidir. Bu baza prinsipləri təmin olunmadan yekun sülh sazişini imzalamaq mümkün deyil. Ermənistan ağır məğlub vəziyyətini yüngülləşdirmək istiqamətində bir sıra cəhdlər edib. Lakin bu cəhdlərin səmərəsizliyini gördükdən sonra Azərbaycanın təkliflərini qəbul etməyə hazır olduğunu bildirib.
Eyni zamanda, qeyd etmək lazımdır ki, Paşinyan Ermənistanın Azərbaycanla sülh sazişi imzalamağa məcbur olduğunu açıqlayıb. Bununla da, Ermənistan xalqına sülh sazişi bağlanmasa 2020-ci ildə baş verən məğlubiyyətin təkrarlanacağını bildirib. Bu, İlham Əliyevin doğru siyasət apardığının göstəricisidir".